"İnanırıq ki, seçki prosesi ilə əlaqədar obyektiv rəy hazırlanacaq” "İnanırıq ki, seçki prosesi ilə əlaqədar obyektiv rəy hazırlanacaq”

Oqtay Əsədov ATƏT nümayəndəsi ilə görüşdü

"İnanırıq ki, seçki prosesi ilə əlaqədar obyektiv rəy hazırlanacaq”




Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanda prezident seçkilərinin müşahidəsi məqsədilə ATƏT-in fəaliyyətdə olan sədri tərəfindən təyin edilmiş xüsusi əlaqələndirici Mişel Vuazeni qəbul edib.

MM-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, O. Əsədov qonağa bildirib ki, Azərbaycanda prezident seçkilərinin azad və demokratik keçirilməsi üçün hər cür şərait yaradılıb. O qeyd edib ki, seçki prosesini izləmək üçün Azərbaycan ATƏT, onun Parlament Assambleyası və AŞPA ilə sıx əlaqə saxlayır: "Biz ATƏT-in fəaliyyətdə olan sədri tərəfindən bu məqsədlə xüsusi əlaqələndiricinin təyin olunmasını alqışlayırıq. Belə ki, ötən seçkilərdə qurumun Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ilə onun Parlament Assambleyası tərəfindən hazırlanmış hesabatlarda müəyyən uyğunsuzluqlar var idi. İnanırıq ki, builki seçkilərdə bu kimi hallara rast gəlinməyəcək, seçki prosesi ilə əlaqədar obyektiv rəy hazırlanacaq".

O. Əsədov deyib ki, Azərbaycan dünyanın aparıcı dövlətlərinin qanunvericilik orqanları, o cümlədən Fransa parlamenti ilə sıx əlaqə saxlayır: "Biz Fransa Milli Assambleyası ilə gələcəkdə də ikitərəfli əlaqələrimizi inkişaf etdirmək niyyətindəyik. Bu baxımdan ATƏT-in xüsusi əlaqələndiricisinin Fransadan olması və görüşdə Fransa parlamentinin Azərbaycanla dostluq qrupunun rəhbəri Tierri Marianinin iştirakı əhəmiyyətlidir".

M. Vuazen Azərbaycanda keçirilmiş dörd seçkidə müşahidəçi kimi iştirak etdiyini söyləyib. O, seçki məntəqələrində şəffaflığın təmin edilməsi üçün web-kameraların quraşdırılmasını təqdir edərək Azərbaycanın bu təcrübəsiniN digər ölkələrdə tətbiqini də əhəmiyyətli sayıb.

Görüşdə Milli Məclis Sədrinin müavini, parlamentin ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Bahar Muradova, Milli Məclis aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak ediblər.

AzNews.az