Milabaddan milxaraya geriləyən Azərbaycan

Milli Məclisdə hökumətin bu ilki hesabatında ayrıca bir kənd-qəsəbənin timsalında Azərbaycan kəndlərinin acınacaqlı vəziyyətindən bəhs etmişdim.

Əksər nazirlərin iştirak etdiyi iclasda söyləmişdim ki, işğal altında olan ərazilərlə sərhəddə yerləşən, qaçqın və məcburi köçkünlərin ən sıx məskunlaşdığı Beyləqan rayonunun Milabad qəsəbəsinin sakinləri son on ildə ölkə prezidentinə, Meliorasiya ASC-yə, Fövqəladə Hallar Nazirliyinə, yerli hakimiyyət orqanlarına aramsız müraciətlər etsələr də, düşdükləri təbii fəlakətdən qurutula bilmirlər.

Artıq 15 ildir kənd şoran suların altında qalıb. 1000 hektara yaxın məhsuldar torpağı, 2000 min nəfərə yaxın əhalisi olan kəndin səssini eşidən yoxdu. 2006-cı ildə kənddə dren kanalı qazılsa da, layihənin tələm-tələsik və keyfiyyətsiz icra edilməsi problemi aradan qaldırmayıb. İndi kənddə onlarla ev qrunt sularının içərsində qalıb, həyətyanı sahələrdən və pay torpaqlarından çıxan şor sular çoxillik əkin yerlərini sürətlə qurudur. Strateji (hərbi) obyktlərin yerləşdiyi bu əraziyə belə baxımsız münasibətin səbəbi anlaşılan deyil. Halbuki bu kəndin problemini 10-12 məmurun bahalı xidməti maşınının dəyəri hesabına həll etmək mümkündür. Sovetlər dönəmində həmin kəndin ölkənin 20-25 aparıcı üzümçülük təsərrüfatı olduğu deyilir.

Amma artıq getdikcə yaşayışın qeyri-mümkün olması səbəbindən son illər sakinlər kəndi tədricən tərk edir. Hakimiyyət Qarabağ torpaqlarını işğaldan azad edəcəyini vaxtaşırı bəyan edir. Bu, bizlərin hər birinin hakimiyyətlə üst-üstə düşən arzusu da sayıla biləer. Amma ölkənin məskunlaşma ərazilərini şoranlıqdan azad etməyə bacarığımız çatmadığı halda, bu cür bəyanatların və çağırışların da zərrə qədər inandırıcılığı qalmır.

Rayonlara abadlığına, sosial infrastrukturuna Prezident səviyyəsində mən bilirəm ki, kifayət qədər vəsait ayrılır.

Qalır yerlərdə bu pulların təyinatı üzrə xərclənməsi. Burada artıq hər bir məmurun vicdan məsələsini araşdırmaq lazımdır. Necə ola bilər ki, son vaxtlar az qala dünyada analoqu olmayan iqtisadi möcüzədən dəm vururuq, ancaq konkret Milabad qəsəbəsinin yolu yoxdur, qazı yoxdur, içməli suyu yox səviyyədədir, bir kənd səviyyəsində sadə bir problemi ortadan qaldıra bilmirik.

Təsəvvür edin ki, 500 ev təsərrüfatına cəmi bir artezian düşür. İllərdir bu qəsəbədə normal məktəb binası tikilməyib, olan binada isə vətənimizin müdafiəsində duran hərbçilər yerləşdirilib. İllərdir bu qəsəbənin sakinləri anlayırlar ki, ölkə müharibə vəziyyətində olduğundan bir sıra çətinliklərlə qarşılaşmaq mümkündür və ənənəvi azərbaycanlı psixologiyası ilə buna dözümlü yanaşa bilirlər.

Ancaq şoranlıq fəlakətindən qurtulmaq üçün heç bir çarə düşünməyən hökumətə öz sözlərini, etirazlarını çatdıra bilmirlər. Bizdə hələ də anlamaq istəmirlər ki, Azərbaycan təkcə Bakıdan ibarət deyil. Əsas vəzifəmiz döyüş bölgəsində insanların problemlərini çözməkdir ki, o ərazilər boşalmasın, hamı şəhərə axıb gəlməsin.

Bir dəfə helikopterlə Bakıdan Ağdama işgüzar səfərə getməli oldum. Kür çayı boyunca əkinə yararlı olmayan, şoranlaşmış torpaqları görəndə öz vətənimə içim acıdı. Bu gün torpaqlarımızın hardasa 60-65 faizi şoranlaşıb. Nəyi gözləyirik, axı torpaq da övlad kimidir. Hamısı Qarabağ kimi gözəl təbiətli olmur ki? Onun hər qarışına dəyər verməyəndə, dəyər verənlər gəlib işğal edirlər. Ona görə də işğalçıları qınayanda, hərdən öz torpağına dəyər verməyənləri- biz azərbaycanlıları da arada xatırlayın.

AzNews.az