- Köhnə - Cəmiyyət
- 23 Sentyabr 2013 13:52
- 1 926
Şeyx Qazaxıstana səfər edəcək
QMİ-nin mətbuat xidmətindən daxil olan xəbərə görə, səfərdə məqsəd sentyabrın 25-də Astanada keçiriləcək "Qazaxıstan Respublikası Prezidentinin sivilizasiyaların dialoqunda rolu" mövzusunda beynəlxalq elmi-praktik konfransda iştirak etməkdir. Səfər Qazaxıstan Parlament Senatının sədri Kayrat Maminin dəvəti əsasında həyata keçirilir. Konfrans Prezident Nursultan Nazarbayevin təşəbbüsü ilə Astanada keçirilən Dünya və ənənəvi din liderlərinin ilk Sammitinin 10 illiyinə həsr olunub. Astana Sammitlərinin mütəmadi iştirakçısı olmuş Şeyxülislam Allahşükür Paşazadə konfransın Rəyasət Heyətində təmsil olunur. QMİ sədri konfransın açılış mərasimində çıxış edəcək.
Sentyabrın 26-dək davam edəcək səfər müddətində Şeyxülislam A.Paşazadənin Astanada bir sıra görüşləri, o cümlədən, Astana Sammitlərinin Təşkilat Komitəsinin sədri, Qazaxıstan Parlament Senatının sədri Kayrat Mami tərəfindən qəbulu nəzərdə tutulub.
AzNews.az