Pərviz Həşimlinin atası İlham Əliyevə müraciət etdi

MTN tərəfindən saxlanılan və hələlik barəsində iki aylıq həbs cəzası kəsilən jurnalsit Pərviz Həşimlinin atası prezident İlham Əliyevə müraciət edib. Jurnalistin atasının müraciətini "Bizim yol" qəzeti yayıb. Müraciətdə deyilir:

"Hörmətli cənab Prezident!

Mənim oğlum, "Bizim Yol" qəzetinin əməkdaşı, moderator.az saytının redaktoru,Siyasi və Mülki Hüquqları Müdafiə Mərkəzinin rəhbəri Pərviz Həşimov Milli Təhlükəsizlik Naziliyinin (MTN) sentyabrın 17-də keçirdiyi əməliyyat nəticəsində həbs edilib. Ona qarşı AR Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı) və 228.2.1 (qabaqcadan əlbir olan bir qup şəxs tərəfindən qanunsuz olaraq odlu silahı, onun komponent hissələrini və ya döyüş sursatını əldə etmə,daşıma,saxlama) maddələri ilə cinayət işi qaldırılıb.

Pərviz moderator.az saytının redaksiyasında olarkən tanımadığı şəxs ona zəng edərək görüş təklif edib. Oğlum həmin şəxsin avtomobilinə əyləşrəkən MTN əməkdaşları onu həbs edib, həmin avtomobildən "tapılan" silah-sursatın Pərviz Həşimova gətirildiyi iddia olunub.

Daha sonra eyni qaydada silah və döyüş sursatları onun mənzilindən "çıxarılıb". Bütun bunlar oğluma qaşı böhtandır, onu açıq-aşkar şərləyiblər. Pərviz Həşimovun ümumiyyətlə İranla əlaqəsi olmayıb, ona zəng edən şəxsi də qətiyyən tanımayıb.

MTN mənim oğlumu İran İslam Respublikasından qaçaq yolla silah sursat gətirməkdə ittiham edərək onun mənzilində və iş yerlərində axtarış aparıb. Həbs olunakən və evində axtarış aparılarkən Pərviz Həşimovun və ailə üzvlərinin hüquqları, AR qanunları, Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyaların müvafiq maddələri pozulmuşdur. 30-a qədər MTN əməliyyatçısı evə zorla daxil olub, kobudluq göstərib, nəticədə Pərvizin həyat yoldaşı və azyaşlı qızı ağır sarsıntı keçiriblər.

Pərviz Həşimov barəsində həbs-qətimkan tədbiri seçildikdən sonra MTN əməkdaşları xüsusi təhlükəli cinayəkar kimi onun başına qara torba keçirərək avtomobilə əyləşdiriblər ki, bu qanunsuzluq oğlumun ləyaqətinə, şəxsiyyətinə qarşı növbəti addımdır.

Hörmətli cənab Prezident!

Mən 42 ildir ki, müəlliməm. Azərbaycan xalqının övladlarına təhsil verirəm, bu günə qədər Respublikamızın inkişafına əmək verən yüzlərlə kadrların hazırlanmasında bilavasitə iştirak etmişəm. Mənim övladlarım yüksək təhsilli, qabiliyyətli, vətənini, dövlətini sevən vətəndaşlardır. Oğlum Pərviz Həşimovun fəaliyyəti cəmiyyətin gözü qarşısında olub, o bir jurnalist, hüquq müdafiəçisi kimi öz peşə borcunu ləyaqətlə yerinə yetirən, qanunsuzluqlara qaşı çıxan fəal bir vətəndaş olub. Mən vətənə, dövlətə xeyirli bir övlad yetişdirmişəm, mənim tərbiyə verdiyim övlad terrorçu ola bilməz!

Hörmətli cənab Prezident!

Sizdən xahiş edirəm ki, oğlum Pərviz Həşimova qarşı baş verən qanunsuzluqların aradan qaldırılmasına, ədalətin bərpa olunmasına yardım göstərəsiz. Ümid edirəm ki, Konstitusiyamızın qarantı kimi dəstəyinizi bizdən əsirgəməyəcəksiz!

Hörmətlə: Kamran Həşimov, Qabaqcıl təhsil işçisi, YAP üzvü".

AzNews.az
image description