“Akkord” su basan tunellə bağlı açıqlama verdi

Sentyabrın 23-də Bakı şəhərində yağan güclü yağış şəhər infrastrukturunda bəzi problemlər yaradıb. Bir çox yerlərdə olduğu kimi, "Gənclik" metrostansiyası ətrafında yeni inşa edilən "Qələbə meydanı" müxtəlif səviyyəli tunel tipli yol qovşağı"nda da su yığını əmələ gəlib.

"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin Mətbuat Xidmətinin rəhbəri Afaq Quliyeva AzNews.az-a açıqlamasında vəziyyətin bu həddə çatmasının səbəbini belə izah edib: "7-ci mikrorayon istiqamətindən gələn sel sularını yağış sularının drenaj xətləri tam olaraq qəbul edə bilmədiyi üçün sel Atatürk və Ziya Bünyadov prospektləri ilə "Gənclik" metrostansiyasına tərəf istiqamətlənib. Elə bu səbəbdən də "Gənclik" metrostansiyası ətrafında yeni inşa edilən "Qələbə meydanı" müxtəlif səviyyəli tunel tipli yol qovşağı"nda su yığını əmələ gəlib. Yiğilan suyu yağış sularının kənarlaşdırılması üçün nəzərdə tutulan 1 saylı nasos stansiyasının gücü çatmayıb. Odur ki, fövqəladə vəziyyət üçün əvvəlcədən nəzərdə tutulmuş 2 saylı nasos stansiyası işə salınıb. Nəticədə sel suları tunellərdən nəqliyyatın hərəkəti məhdudlaşdırılmadan qısa müddətə kənarlaşdırılıb".

A.Quliyevanın sözlərinə görə, sel sularının yığılması və kənarlaşdırması zamanı tunellərə heç bir ziyan dəyməyib. Hazırda tunellərdə nəqliyyatın hərəkətinə heç bir maneə yoxdur.

Ruhiyyə
AzNews.az