Əli Həsənov jurnalistin həbsinə münasibət bildirdi

"Pərvizin həbsinin jurnalist fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur"



Prezident Administrasiyası (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov "Bizim yol" qəzetinin əməkdaşı və "moderator.az" saytının rəhbəri Pərviz Həşimlinin həbsinə münasibət bildirib.

Əli Həsənov APA-ya açıqlamasında bildirib ki, Pərviz Həşimlinin həbsinin onun jurnalist fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur.

Şöbə müdiri qeyd edib ki, P. Həşimlinin həbsi ilə bağlı əməliyyatı həyata keçirən dövlət qurumunun açıqlaması var və hazırda bu məsələ ilə bağlı araşdırma aparılır: "İstintaq gedir, istintaqa müvafiq olaraq cəmiyyətə məlumat verilib, bundan sonra da veriləcək".

PA rəsmisi deyib ki, jurnalist P. Həşimlinin həbsinin onun kimisə tənqid etməsi, hansısa tənqidi yazı yazması, yaxud hansısa yazısı ilə əlaqəli olduğunu təsdiqləyən, sübut edən heç bir fakt yoxdur: "Pərviz Həşimlinin həbsi ilə onun jurnalist fəaliyyəti arasında heç bir əlaqə yoxdur, ola da bilməz".

Qeyd edək ki, P. Həşimli sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən həbs edilib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələri ilə ittiham olunur.

AzNews.az