Sayt rəhbərlərindən DİN-ə sərt cavab

DİN öz rəsmi saytında ölkəmizdəki cinayət hadisələrinin statistikasını göstərən mətnin yarımbaşlıq hissəsində KİV-lə bağlı bir ittiham da yer alıb: "Son vaxtlar müxtəlif kütləvi informasiya vasitələrində və ayrı-ayrı şəxslərin çıxışlarında ölkədəki kriminogen durumla, xüsusən ağır cinayətlərlə bağlı həqiqətə uyğun olmayan fikirlər səsləndirilir".

"Axar.az" saytı olaraq DİN-in KİV-lə bağlı olan fikrini qiymətləndirmək üçün bir neçə redaksiya ilə əlaqə saxladıq.

"Kenya təəssüratı"

Bəxtiyar Əlirzayev ("Publika.az" saytının redaktoru): "Ümumiyyətlə, zaman-zaman Azərbaycanda "Kenya təəssüratı" yaratmağa cəhd edən mətbu orqanlar açılıb və nüfuz qazanmadığına görə bağlanıb. Ancaq düşünürəm ki, hazırkı durumda, bu məqama görə ciddi narahat olmağa dəyməz. Xarici güclər qarşısında hansısa öhdəlik götürüb bu tipli fikirləri KİV-lərə çıxarmaq olduqca zəif addımdır. "Publika.az" olaraq isə bizdə bu tipli fikirlərə qətiyyən yer verilməz. Bu, qolunun gücünü kiməsə nümayiş etdirmək üçün əlinə külüng alıb öz evini dağıtmağa oxşamırmı?".

Dörd qeyri-müəyyən iddia-ittiham

Xalid Kazımlı ("Müsavat.com"un baş redaktoru): "Bu cür tənqidi fikirlər konkret yazılmalıdır. Hamı da bilməlidir ki, hansı kütləvi informasiya vasitələri və hansı ayrı-ayrı şəxslər hansı ağır cinayətlərə dair necə həqiqətə uyğun olmayan sözlər danışıblar. DİN mətbuat xidməti konkret, dəlil-sübutlu, ad və ünvan göstərməklə açıqlama verməlidir. Bu açıqlamada dörd qeyri-müəyyən iddia-ittiham var".

İttiham olunası bir qurum varsa o da, DİN özüdür

Elbrus Ərud ("Qafqazinfo.az"ın baş redaktoru): "DİN əgər bu fikri səsləndirirsə, konkret olaraq adlar qeyd etməlidir. Xüsusi adlar qeyd olunmadığı halda, KİV qətiyyən ittiham oluna bilməz. Bu məsələdə ittiham olunası bir qurum varsa o da, DİN özüdür. Onların mətbuat orqanları haqqında bildirdiyi fikirlər bir çox hallarda fiaskoya uğrayıb".

Hüquq müdafiəçisinin evindən qumbara çıxırsa...

Elçin Zahiroğlu ("Aznews.az" saytının baş redaktoru): "Fikrimcə, ölkədə baş verən cinayət hadisələrinin statistikası, cinayətlərin xarakteri vətəndaşlarda müəyyən narahatlıq yarada bilər. Məsələn, vətəndaş düşünə bilər ki, ölkədə bir jurnalistin, hüquq müdafiəçisinin evindən odlu silah, qumbara çıxırsa, deməli, cinayətkarların, kriminal yaxın şəxslərin evində ən azından tank var. Və əgər belədirsə, deməli, ölkədə kriminal durum təhlükəli həddədir. Məsələ burasındadır ki, bu təsəvvürü oxucularda, adi vətəndaşlarda biz formalaşdırmırıq. Bu fikirlər aidiyyəti qurumların məlumatları, hesabatları, əməliyyatları əsasında formalaşır. İndi həmin o mətbuatı qınayan qurumlar, vəzifəli şəxslər oturub düşünməlidir: Günah kimindir?"

Xəbər "Axar.az"dan gəlir