- Siyasi müzakirə
- 7 Oktyabr 20:47
- 2 368
“Türk Dövlətləri Təşkilatı artıq qlobal aktor kimi formalaşır” - Hikmət Babaoğlu

“Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dövlət başçılarının Zirvə görüşü çox strateji bir mövzuya – regional sülh və tərəqqi məsələsinə həsr olunub. “Regional” anlayışını isə daha geniş mənada dəyərləndirmək lazımdır. Çünki söhbət Qırğızıstandan Aralıq dənizinədək, Qazaxıstandan Mərkəzi Avropaya, Macarıstanadək uzanan bir məkan – Avrasiyanın tam ürəyindən gedir. Məhz buna görə də Azərbaycan Prezidenti çıxışında Türk Dövlətləri Təşkilatını qlobal aktor kimi səciyyələndirdi. Bu, həm təşkilatın bugünkü reallıqlarını, həm də gələcək məqsədlərini əks etdirir”.
Bu fikirləri Aznews.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Qeyd edək ki, Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə sədrliyə Azərbaycan Respublikası qəbul edib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə uğurlar arzulayıb, Qırğızıstan Prezidenti Sadır Japarova isə təşəkkür edib. Ərdoğan çıxışında dünyanın qarşılaşdığı qlobal problemləri vurğulayaraq TDT-nin dəyişən şəraitə uyğunlaşan, beynəlxalq məsələlərdə ortaq mövqe sərgiləyən güc mərkəzinə çevrilməsinin vacibliyini qeyd edib. O, həmçinin üçüncü tərəflərlə əməkdaşlığın genişlənməsi baxımından “TDT+” formatının əhəmiyyətini diqqətə çatdırıb.
Deputat bildirib ki, gələcəyə yönəlmiş hədəflər baxımından qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın irəli sürdüyü “TDT+” formatı xüsusi diqqət çəkir.
“Bu format digər ölkələr və beynəlxalq təşkilatlarla əməkdaşlıq üçün yeni imkanlar açır. 2021-ci ildə təşkilatın nizamnaməsinə edilən dəyişiklikdə qeyd olunub ki, Türk Dövlətləri Təşkilatına üzvlük yalnız türk kökənli və türk dilinin rəsmi dil kimi istifadə olunduğu ölkələr üçün nəzərdə tutulur. Lakin biz bilirik ki, Afrikada, Uzaq Şərqdə və Şərqi Avropada yerləşən bəzi ölkələr Türk Dövlətləri Təşkilatına maraq göstərərək onunla əməkdaşlıq etmək niyyətindədirlər. Elə buna görə də “TDT+” məhz belə ölkələr üçün – üzv olmadan əməkdaşlığın mümkünlüyünü təmin edən bir formatdır. Bu baxımdan “TDT+” təşəbbüsü Türk Dövlətləri Təşkilatının həm nüfuzunun artması, həm də funksionallığının genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır”.
Rəfiqə Namazəliyeva,
AzNews.az