“Qadınlar və Seçkilər” bölgələrdə- Foto

Oktyabrın 9-da keçiriləcək prezident seçkilərinə qadın seçicilər də ciddi hazırlaşır. Bunu Ağsu rayonunda "Qadınlar və Seçkilər" koalisiyası ilə rayon qadınlarının görüşündə Ağsu rayon İcra Hakimiyyətinin şöbə müdiri Tofiq Kərimov dedi. Onun sözlərinə görə, ağsulu qadınlar ictimai işlərdə həmişə fəallıq göstəriblər, seçkilər də istisna olmayacaq.

Qeyd edək ki, Ağsu və Göyçay rayonlarında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə yaradılan "Qadınlar və seçkilər" koalisiyasının növbəti tədbirləri keçirildi. Layihə barədə məlumat verən koalisiyanın rəhbəri Aynur Camalqızı bildirdi ki, seçkilər yaxınlaşdıqca artıq hamı bir həqiqəti dərk edir ki, bu dəfəki seçkilərin favoriti İlham Əliyevdir: "Bu gün Azərbaycan böyük bir tikinti meydanını xatırladır, nəinki paytaxtda, hətta ucqar kəndlərdə belə intensiv abadlaşma, quruculuq işləri aparılır. Mən Azərbaycanda ailənin dayağı kimi qəbul edilən qadınlarımıza müraciət edərək onları seçkinin favoritinə səs verməyə çağırıram". Bununla yanaşı, koalisiya sədri qeyd etdi ki, layihə çərçivəsində rayonlarda aparılan görüşlər bir növ qeyri-rəsmi rəy sorğusu kimi müəyyən mənzərə cızmağa kömək edir: "Artıq qadınların hansı namizədi dəstəklədiyini və 9 oktyabrda kimə səs verəcəyini güman etmək çətin deyil".

Rayon qadınları adından danışan Ağsu rayon Muradlı bələdiyyəsinin üzvü Sehrayyə Hümbətova milli öndər Heydər Əliyevin "Ana həyatın başlanğıcıdır" sözlərini xatırlatdı və müsir qadın siyasətinin də məhz bu yanaşma əsasında qurulduğunu qeyd etdi. Onun sözllərinə görə, ağsulu qadınlar mədəniyyət sahəsində 56%, təhsildə 52%, səhiyyədə isə bütün işçilərin 72%-ni təşkil edirlər: "Beş nəfər qadın bələdiyyə sədri var, bağça və məktəb direktorları arasında qadınların sayı üstünlük təşkil edir. Bu isə rayon qadınlarının peşəkar fəaliyyətlə ciddi məşğul olduqlarının göstəricisidir".

Seçkidə gender stereotiplərindən bəhs edən gender məsələləri üzrə ekspert, elmlər doktoru Rəna Mirzəzadə isə əvvəlllər qadınların seçkiyə gedib-getməmələrinə elə də əhəmiyyət verilmədiyini, digər ailə üzvlərinin onların əvəzinə səs verdiklərini bildirdi. Onun sözlərinə görə, artıq vəziyyət dəyişib və belə bir stereotip aradan qalxmaqdadır, indi Azərbaycan qadını seçkidə seçimini özü bildirmək istəyir.

Göycay rayonunda keçirilən görüşdə isə Heydər Əliyev Mərkəzinin rəhbəri Zivər Zeynalova qadınların seçki ilə bağlı təbliğat-təşviqat işlərinə cəlb olunduqlarını qeyd etdi. O dedi ki, yerlərdə seçicilərlə görüşdə onlarda yaranan təəssürata görə, geniş təşviqat işi aparmağa ehtiyac yoxdur: "Çünki rayon əhalisi seçkiyə gedəcəklərini və artıq öz namizədlərini müəyyənləşdirdiklərinı deyirlər". Göyçay rayonunda qadınların fəallığından bəhs edən mərkəz rəhbərinin sözlərinə görə, yerli qadınlar ənənəvi üstün olduqları sahələrlə yanaşı, icra hakimiyyətinin işində də iştirak edirlər. Göyçay rayon icra hakimiyyətinin başçısının müavini qadındır və bundan əlavə, bu qurumda 5 nəfər qadın müxtəlif rəhbər vəzifələrdə çalışır.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dəstək Şurasının maliyyə yardımı ilə yaradılan koalisiyaya 5 qadın təşkilatı daxildir. "Prezident seçkilərində qadın seçicilərin seçki aktivliyinin artırılması" layihəsi çərçivəsində Bakının 2 rayonu daxil olmaqla, ümumilikdə 12 rayonda yerli qadın seçicilərin iştirakı ilə konfransların keçirilməsi nəzərdə tutulub.

AzNews.az