Elm sahəsində təmsil olunan qadınların sayı açıqlandı

Azərbaycanın elm sahəsində təmsil olunan qadınların sayı açıqlanıb.


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbər görə, hazırda respublika üzrə elmi işçilərin 53,6%-ni qadınlar təşkil edir.

Son 5 ildə tədqiqatlarla məşğul olanlardan elmlər doktoru dərəcəsi olan qadınların sayı 25%, fəlsəfə elmləri doktoru dərəcəsi olan qadınların sayı isə 15% artıb. On minə qədər əməkdaşı özündə birləşdirən AMEA-da işçilərin 50%-dən çoxunu qadınlar təşkil edir. Bunların da 1000 nəfərdən artıq nümayəndəsi elmi dərəcəsi olan alimlərdir. Alim qadınlarından 14 nəfəri AMEA-nın üzvüdür.

Akademiyada qadınlar elmi idarəçilik sahəsində də kifayət qədər fəaldırlar. Belə ki, AMEA-nın 7 elmi-tədqiqat müəssisəsinin rəhbəri qadındır. Bundan əlavə, akademiyanın elmi müəssisələrindəki struktur bölmələrə, şöbə və laboratoriyalara rəhbərlik edənlərin də xeyli hissəsi görkəmli alim kimi cəmiyyətdə xüsusi nüfuz qazanmış Azərbaycan qadınlarıdır.

AzNews.az