Azərbaycan XİN-dən erməni nazirin çıxışına reaksiya

"Erməni tərəfi öz ampluasında qalaraq beynəlxalq birliyi çaşdırmaq məqsədilə beynəlxalq hüququn prinsiplərini təhrif edir". APA-nın xəbərinə görə, bunu Azərbaycan XİN-in mətbuat katibi Elman Abdullayev bu gün keçirdiyi brifinqdə deyib.

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın BMT Baş Assambleyasındakı çıxışını şərh edən E. Abdullayev bildirib ki, Ermənistan beynəlxalq hüququ pozmağa davam edir. O xatırladıb ki, BMT Təhlükəsizik Şurasının qətnamələrində Azərbaycan ərazilərinin işğalının davam etməsi bütün regionda sülh və təhlükəsizliyə təhdid kimi qiymətləndirilir: "Ermənistanın xaric işlər naziri unutmamalıdır ki, Təhlükəsizlik Şurasının qətnamələrində Dağlıq Qarabağın və ətraf yeddi rayonun Azərbaycana məxsus olduğu və Ermənistanın təcavüzkar tərəf olduğu göstərilir. Nalbandyanın işarə etdiyi sülh və təhlükəsizlik Azərbaycan ərazilərinin işğalı ilə pozulub və yalnız bu ərazilərin azad olunması ilə bərpa edilə bilər. Ermənistan hökuməti anlamalıdır ki, Azərbaycan öz torpaqlarının azad olunması üçün hər cür imkandan istifadə edir. Azərbaycan vətəndaşlarının hüquqlarının müdafiəsi dövlətin vəzifəsidir".

E. Abdullayevin sözlərinə görə, Ermənistan rəhbərliyi günahsız insanların qanını tökmüş terrorçulara abidə qoymaqla onları gələcək nəsillərə qəhrəman kimi təqdim edir, bu isə gələcəkdə bölgədə sülh və təhlükəsizliyə birbaşa təhdiddir və bu ölkənin terrorçuluğa donorluq etməsinin göstəricisidir: "Nalbandyan Azərbaycanı qınayır ki, rəsmi Bakı Ermənistana qarşı ərazi iddiaları ilə çıxış edir. O, Azərbaycan prezidentinin İrəvanı (indiki Yerevan) tarixi Azərbaycan şəhəri adlandırmasını misal kimi göstərir. Bu, ərazi iddiası deyil, tarixi faktdır. Arxivlərə baxmaq kifayətdir ki, İrəvanın tarixi Azərbaycan şəhəri olması aydınlaşsın".

Xatırladaq ki, E. Nalbandyan BMT Baş Assambleyasında çıxışında Azərbaycanı antierməni ritorikasını gücləndirməkdə və atəşkəs rejimini pozmaqda ittiham edib.

AzNews.az