“Korrupsiya üçün meydanı daim daraltmalıyıq“ - İlham Əliyev


"Biz korrupsiya üçün meydanı daim daraltmalıyıq"

Bakı-APA. "Bu gün korrupsiyaya qarşı mübarizə prioritet məsələdir. Bu mübarizədə yaxşı nəticələr, uğurlar var. Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin işi yüksək qiymətləndirilməlidir. Əminəm ki, gələcək illərdə bu sahədə daha da böyük uğurlar əldə ediləcək. Bu bəla Azərbaycandan tamamilə silinməlidir, olmamalıdır". APA-nın məlumatına görə, bunu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin yeni inzibati binasının açılışı zamanı prezident İlham Əliyev deyib.

Ölkədə korrupsiyaya qarşı mübarizənin aparıldığını deyən dövlət başçısı qeyd edib ki, şəffaflıq indeksinə görə Azərbaycan dünya miqyasında ön plandadır: "Hər bir ölkədə, hər bir cəmiyyətdə korrupsiya var. Ancaq əsas məsələ onun dərəcəsidir və onun əhatə dairəsidir. Biz korrupsiya üçün meydanı daim daraltmalıyıq. Burada müxtəlif üsullardan istifadə edirik və edəcəyik. İlk növbədə əlbəttə ki, cəza tədbirləri daha da ciddi olmalıdır. Hər bir vətəndaş bilməlidir ki, onun korrupsiya ilə bağlı əməlləri cəzasız qalmayacaq".

Prezident bu sahədə aparılan sistem xarakterli islahatlara da toxunub. "ASAN xidmət"in fəaliyyətini önə çəkən dövlət başçısı qısa müddət ərzində "ASAN xidmət"ə 500 mindən artıq vətəndaşın müraciət etdiyini vurğulayıb: "Bu xidmət cəmi bir ildən az bir vaxtda fəaliyyət göstərir və özü də təkcə Bakını, Sumqayıtı və Abşeron yarımadasını əhatə edir. Ancaq insanlar müraciət edir. Nəyə görə? Çünki orada korrupsiya yoxdur. Orada insanlara mədəni xidmət göstərilir.

Mən dəfələrlə korrupsiyaya qarşı mübarizə ilə bağlı fikirlərimi bildirmişəm və dəfələrlə vətəndaşlara da müraciət etmişəm ki, onlar aidiyyəti orqanlara öz ərizələri, öz təklifləri ilə müraciət etsinlər. Yəni, güclü siyasi iradə var. Artıq korrupsiyaya qarşı mübarizəni aparmaq üçün cəmiyyətdə də çox müsbət dəyişikliklər var. Cəmiyyətdə inam artır. İnam artır ki, biz bu bəlanı Azərbaycandan tamamilə götürəcəyik və Azərbaycan cəmiyyəti bu yaralardan sağalacaq. Çünki korrupsiya hər bir cəmiyyəti daxildən sarsıdan bir yaradır, bir xəstəlikdir. Biz bütün imkanlardan istifadə edib çalışmalıyıq ki, Azərbaycanda korrupsiya olmasın, Azərbaycanda tam şəkildə sosial ədalət təmin edilsin. Çünki korrupsiya sosial ədaləti pozan bir amildir", - deyə İlham Əliyev bildirib.