Miqrasiya Xidmətindən sentyabr ayı üçün hesabat

Azərbaycan Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən sentyabr ayı ərzində 156 əcnəbinin inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılması barədə qərar qəbul edilib.

Xidmətin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ümumilikdə ötən ay ərzində 3016 əcnəbi tərəfindən Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib.

Onlardan 18 nəfər əcnəbinin Azərbaycan ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən, onlara aid olan itirilmiş sənədləri yenisi ilə əvəz olunub, 173 əcnəbiyə cərimə tətbiq edilməklə ölkə ərazisində yaşaması leqallaşdırılıb, 2669 əcnəbi barəsində Azərbaycan Respublikası ərazisini 48 saat ərzində tərk etmə, 156 əcnəbinin inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılması barədə qərarlar qəbul edilib.

Ay ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün fərdi icazələrin verilməsi və mövcud fərdi icazələrin müddətlərinin uzadılması ilə bağlı 6400 müraciət daxil olub.

Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib.

Ötən ay ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 47 651 nəfər əcnəbinin müraciəti qeydə alınıb.

Bununla yanaşı, işəgötürən tərəfindən ölkə qanunvericiliyinin tələblərini pozmaqla fərdi icazə alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi hallarının aşkar edilərək qarşısının alınması məqsədi ilə Xidmətin müvafiq struktur bölmələrinin əməkdaşları ölkə ərazisində fəaliyyət göstərən 71 sahibkarlıq subyektlərində yoxlamalar aparıblar. Keçirilmiş tədbirlər nəticəsində 28 sahibkarlıq subyektində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirməsi üçün fərdi icazənin verilməsi qaydalarının pozulması halları aşkar edilib.

AzNews.az