Şəxsiyyət vəsiqəsi olmayanların sayı açıqlandı

Azərbaycanda yaş həddi ilə əlaqədar şəxsiyyət vəsiqələri ilə təmin edilməmiş 10 755 nəfər qalıb. Bu barədə Trend-in sorğusuna savab cavab olaraq Daxili İşlər Nazirliyinin (DIN) Baş Pasport Qeydiyyatı və Miqrasiya İdarəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinin rəisi, polis polkovniki Əli Əliyev bildirib.

Şöbə rəisinin sözlərinə görə, şəxsiyyət vəsiqələri iki növ olur: 16 yaşına çatmamış vətəndaşlara verilən şəxsiyyət vəsiqəsi və 16 yaşından yuxarı şəxslərə verilən şəxsiyyət vəsiqəsi. 16 yaşına çatmamış şəxslərə şəxsiyyət vəsiqələri məcburi deyil. Onların əvəzinə valideynləri və ya qanuni nümayəndələri müraciət edərək şəxsiyyət vəsiqəsi verilir. Həmin şəxsiyyət vəsiqələrinə görə heç bir rüsum ödənilmir və şəkilsiz verilir. Lakin 16 yaşına çatdıqdan sonra qanunvericilik vətəndaşın qarşısına vəzifə qoyur ki, o, bir ay ərzində şəxsiyyət vəsiqəsini almalıdır. 16 yaşında şəxsiyyət vəsiqəsi alan şəxs onu 25 yaşında dəyişir, 25 yaşında verilən şəxsiyyət vəsiqəsi 35 yaşında dəyişir, daha sonra 50 yaşında dəyişdirilən şəxsiyyət vəsiqəsi artıq ömürlük verilmiş olur. Bir də vətəndaşın soyadı, adı, atasının adı, ailə vəziyyəti, hərbi vəzifəsi, yaşayış yeri dəyişdikdə, vətəndaşın şəxsiyyət vəsiqəsi itdikdə və ya korlandıqda şəxsiyyət vəsiqəsi dəyişdirilir:

"2001-ci ilin sonlarından şəxsiyyət vəsiqələri ilə bağlı islahatların keçirilməsindən bu günədək 16 yaşından yuxarı 6 milyon 360 min 332 Azərbaycan vətəndaşı şəxsiyyət vəsiqəsi ilə təmin edilib. Yəni hazırda Azərbaycanda səsvermə hüququ olan bütün vətəndaşlar şəxsiyyət vəsiqəsi ilə təmin edilib. Yalnız yaş həddi ilə əlaqədar 10 755 vətəndaşın şəxsiyyət vəsiqəsi dəyişdirilməyib. Yəni 25 yaşı ilə əlaqədar 3654, 35 yaşla əlaqədar 3660, 50 yaşla əlaqədar isə 3441 vətəndaşın şəxsiyyət vəsiqəsi dəyişdirilməyib. Lakin həmin vətəndaşların böyük əksəriyyətinin sənədləri artıq qəbul edilib və şəxsiyyət vəsiqələri çapa hazırlanır. Yəni seçki gününədək həmin vətəndaşlar da birmənalı olaraq şəxsiyyət vəsiqələri ilə təmin ediləcəklər".

Ə.Əliyev bildirib ki, bu məsələni mütəşəkkil surətdə təşkil etmək üçün Daxili İşlər Nazirliyi rəhbərliyinin müvafiq göstərişləri və Kollegiya qərarı olub. Onlara əsasən ərazi polis orqanlarında səyyar xidmətlər yaradılıb. Səyyar xidmətlər qrup şəklində rayonlarda fəaliyyət göstərir. Onlar bölgələrdə ən ucqar kəndlərdə belə şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı xidmətləri təşkil edirlər. Bundan əlavə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nəzdində yaradılmış "ASAN xidmət" mərkəzləri də fəaliyyətdədir. Dövlət Agentliyinin Səyyar "ASAN xidmət" avtobusları "ASAN xidmət" mərkəzlərinin olmadığı rayonlarda vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsində müstəsna rol oynayırlar:

"16 yaşında şəxsiyyət vəsiqəsi alan şəxs 18 yaşına çatdıqda ölkədə keçirilən istənilən seçkilər zamanı səsvermə hüququndan istifadə edə bilir. Bu gün 18 yaşına çatmış elə bir Azərbaycan vətəndaşı yoxdur ki, şəxsiyyət vəsiqəsi ilə təmin edilməmiş olsun. Seçki gününədək yaş həddi ilə əlaqədar şəxsiyyət vəsiqələri dəyişdirilməyən vətəndaşların da hamısı adıçəkilən sənədlə təmin ediləcəklər".

Şöbə rəisi onu da əlavə edib ki, 2013-cü ilin sentyabr ayı ərzində 108 131 vətəndaş şəxsiyyət vəsiqəsi ilə təmin edilib. Onlardan 6675 nəfəri 16 yaşına çatmamış şəxsdir. Bu ilin oktyabrın 1-dək isə ümumilikdə 842 561 vətəndaş şəxsiyyət vəsiqəsi ilə təmin edilib ki, onlardan 109 273 nəfəri 16 yaşdan aşağı şəxs olub".

AzNews.az