ANS-in “Açıq söhbət”ində gizli anlaşma: Elçin Əlibəyli mövzunu niyə dəyişdi? - VİDEO

Jurnalist Anar Niftəliyevin həyat yoldaşı, tənqidçi Elnarə Tofiqqızının "Medi Sina" klinikasında əməliyyat zamanı dünyasını dəyişməsindən sonra həkim məsuliyyətsizliyi mövzusu təkrar gündəmə gəlib. Yazılı və elektron mətbuat orqanları ilə yanaşı, telekanallar da mövzuya yer ayırıb. ANS telekanalında bu gün yayımlanacaq, Elçin Əlibəylinin müəllif proqramı olan "Açıq söhbət"də də məhz Elnarə Tofiqqızının ölümü ilə bağlı məsələnin müzakirə ediləcəyi gözlənilirdi.

Verilişin bir neçə gün ərzində yayımlanan anonsunda tamaşaçılara müraciətlə proqramda hansı özəl xəstəxanada ölüm faktının baş verməsi ilə bağlı məlumat veriləcəyi bildirilirdi. Ancaq gözlənilmədən proqramın bu gün yayımlanan anonsunun mətni dəyişdirilib. Belə ki, bu gün səslənən anonsda özəl klinikalarda qiymətlərin baha, xidmətin isə bu qiymətlərə nisbətən aşağı səviyyədə olması əksini tapıb. Axşam yayımlanacaq proqramın anonsundakı dəyişiklik verilişın mövzusunn da dəyişdirildiyi ehtimalını yaradır. Belə güman etmək olar ki, əvvəlki anonsun efirə verilməsindən sonra "Medi Sina" klinikasının rəhbərliyi ilə müəyyən anlaşma əldə edilib və verilişin axarı dəyişdirilib.

Bununla bağlı AzNews.az-ın sualını cavablandıran E.Əlibəyli mövzunun dəyişdirlməsini E.Tofiqqızının ölümü ilə bağlı müzakirələrin aparılacağı proqrama dəvət edilən iştirakçıların qatılmaması ilə əlaqələndirib. Onun sözlərinə görə, konkret olaraq Elnarə Tofiqqızının ailə üzvləri və Anar Niftəliyev proqrama qatılmayıb.

Jurnalist A.Niftəliyev isə AzNews.az-a açıqlamasında Elçin Əlibəylinin sözlərini təkzib edərək, proqrama dəvətlə bağlı məsələyə aydınlıq gətirib: "Mən belə bir proqramın hazırlandığı barədə ancaq eşitmişəm. Məndə olan məlumata görə, Elçin Əlibəyli Elnarənin vəfat etdiyi klinikadan reportaj yayımlayan AzNews.az saytına müraciət edib və saytda gedən, böyük marağa səbəb olmuş araşdırma yazısının müəllifini qonaq deyil, yalnız tamaşaçı qismində verilişin çəkilişinə dəvət edib. Həmin zaman o, mənim də verilişdə iştirak etməyimin mümkünlüyünü bildirib, ancaq dəvət birbaşa mənə edilməyib. Söz yox ki, indiki psixoloji durumumda həmin proqramda iştirak edə də bilməzdim.
Mövzunun dəyişdirlməsi isə mənim, yaxud yazı müəllifinin həmin proqramda iştirak etməməsi ilə bağlı ola bilməzdi. Əvvəla ona görə ki, verilişin qonaqları ayrı adamlar idi, yazı müəllifi və ya mən zalda outran tamaşaçı kimi, həm də dolayısı ilə, dəvət edilmişdik. İkinci tərəfdən, E.Əlibəylinin istəyinə uyğun olaraq, yazı müəllifinin iştirakı razılaşdırılmışdı. Həmin yazı müəllifi verilişdə söz alacağı təqdirdə hansı problemi qabardacağı barədə mənimlə müzakirə də aparmışdı. Ancaq sonradan verilişin çəkilişinə araşdırma müəllifi çağırılmadı. Bir neçə günlük anonsdan sonra mövzunun dəyişdirilməsi isə mənim Prezidentə müraciətimdə xüsusi olaraq qabartdığım kimi, qarşı tərəfin məsuliyyətdən yaxa qurtarmaq üçün neqativ addımlar atdığını bir daha təsdiqləyir. ANS-in efirindən yayımlanan və bir neçə gün davam edən anonsun veriliş efirə gedən gün dəyişdirilməsi kifayət qədər ciddi məqamdan xəbər verir. Bu barədə mən özüm də araşdırma aparacağam".

AzNews.az hər iki anonsu təqdim edir:




Elnur
AzNews.az