- Köhnə - Cəmiyyət
- 9 Oktyabr 2013 19:12
- 4 204
Almaniyanın seçkiləri müşahidə qrupu bəyanat verdi
"Heyətin bütün üzvləri müşahidə aparmaq üçün seçki məntəqələrini tam sərbəst olaraq seçib və seçkiləri diqqətlə müşahidə ediblər. 10 namizədin adı seçki bülletenlərində qeydə alınmışdı, bu isə ədalətli və bərabər seçkini təmin edirdi. Seçkiqabağı müddətdə namizədlər təşviqat üçün İctimai Televiziya və Radio kanalında bərabər efir vaxtı ilə təmin olunub. Bütün namizədlərin ölkə üzrə öz seçiciləri ilə görüşmək və təşviqat aparmaq imkanları var idi. Seçki məntəqələrində və ətrafında demokratik seçki qaydalarının ciddi pozulması halları baş verməyib. Seçicilərin şəxsiyyətlərini təsdiq edən sənədi təqdim etdikdən sonra bir neçə məntəqədə səs verməsinin qarşısını almaq məqsədilə onların barmaqları mürəkkəblənib. Daha sonra seçicilər seçki bülletenlərini götürüb xüsusi seçki kabinələrinə daxil olur və heç bir müdaxilə olmadan sərbəst şəkildə səs verirdilər. Seçki bülletenləri şəffaf seçki qutularına atılırdı. Yerli orqanların nümayəndələri və ya nəzarətçi geyimli şəxslər seçki məntəqələrinin ətrafında idilər. Heyət üzvləri nə elementar demokratik qaydalara qarşı, nə də ümumiyyətlə, hər hansı zorakılıq müşahidə etməyiblər. Alman nümayəndə heyətinin bütün üzvləri prezident seçkilərinin azad və sərbəst, əsas demokratik qaydalara uyğun keçdiyinə əmindirlər. Alman heyətinin fikrincə, seçkilər eyni zamanda dövlətin öz qanunlarına uyğun keçirilib. Azərbaycan bu seçkilərlə beynəlxalq demokratik standartlara doğru növbəti addım atıb".
Qeyd edək ki, alman müşahidə qrupu 36 üzvdən ibarət olub. Heyətə Avropa Parlamentinin deputatları, Alman Bundestaqının, Bavariya parlamentinin üzvləri və sabiq parlamentarlar, eləcə də alman mətbuatının nümayəndələri daxil olub. Onların hamısı Azərbaycanın Mərkəzi Seçki Komissiyası tərəfindən prezident seçkilərini müşahidə etmək üçün dəvət ediliblər.
AzNews.az