- Köhnə - Cəmiyyət
- 10 Oktyabr 2013 15:44
- 1 453
Prezident Türkiyə nümayəndələri ilə görüşdü
Türkiyə Böyük Millət Məclisinin deputatı Haluk İpək başçılıq etdiyi nümayəndə heyəti adından dövlət başçısını prezident seçkilərində əldə etdiyi böyük qələbə münasibətilə təbrik edib. O, prezident seçkiləri ilə bağlı ölkəmizin müxtəlif bölgələrində olduqlarını, seçicilərin, xüsusilə gənclərin yüksək fəallıq göstərdiklərini deyib. Haluk İpək müşahidə missiyasının tərkibində Ədalət və İnkişaf Partiyası ilə yanaşı, Cümhuriyyət Xalq və Milliyyətçi Hərəkat partiyalarını Türkiyə Böyük Millət Məclisində təmsil edən millət vəkillərinin olduğunu da dedi. 2003-cü il seçkilərində də iştirak etdiklərini xatırlayan türkiyəli qonaq hər seçkidən sonra Azərbaycanda böyük inkişafın şahidi olduqlarını məmnunluq hissi ilə qeyd etdi. Seçkilərin ölkəsinin Prezidenti, Baş naziri və Türkiyə xalqı tərəfindən maraqla izlənildiyini deyən Haluk İpək bu seçkilərin Azərbaycana böyük uğurlar gətirməsini arzu edib.
Dövlətimizin başçısı ölkələrimiz arasında mövcud olan tarixi dostluq-qardaşlıq münasibətlərinin bugünkü Türkiyə-Azərbaycan əlaqələrinin inkişafı üçün möhkəm təməl olduğunu vurğulayıb. Türkiyə-Azərbaycan birliyinin bu gün beynəlxalq aləmdə mühüm amil olduğunu qeyd edən Prezident İlham Əliyev ölkələrimiz arasında əlaqələrin uğurlu inkişafından məmnunluğunu ifadə edib.
Ölkəmizdə keçirilən prezident seçkilərinə toxunan dövlət başçısı seçkilərin nəticələrini son illər Azərbaycanda görülən işlərə xalqın verdiyi qiymət və gələcək inkişafla bağlı arzularının ifadəsi kimi dəyərləndirdi. Dövlətimizin başçısı Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərinin bütün sahələrdə inkişafının bundan sonra da davam etdiriləcəyinə əminliyini bildirib.
AzNews.az