Kasıblar milyarderlərə pul səpələdilər- FOTO

Bitki biotexnologiyaları sahəsində dünya lideri olan "Monsanto Company" transmilli şirkətinin fəaliyyətinə etiraz edən bir qrup amerikalı ABŞ Senatının binasında aksiya keçiriblər.

Genetik modifikasiyaya uğradılmış qarğıdalı, soya, pambıq toxumları satan, habelə dünyada ən çox yayılmış "Raundup" herbisidi istehsal edən "Monsanto"nun insanların sağlamlığı və həyatı ilə oynadığını vurğulayan aksiya iştirakçıları Senatın foyesində pul səpələyiblər.

"Sizi pulla alıblar!" qışqıran aksiya iştirakçıları Senat üzvlərinin "Monsanto"nun lobbisinin təsiri altında olduğunu deyiblər.

"Biz kasıbıq, onlar milyarderlər. Biz onlara 2 min dollar səpələdik. Bəlkə, indi gözləri doya", - aksiyanın təşkilatçılarından biri Elizabet Kroyden deyib.

Onun sözlərinə görə, Senat ölkədə satılan bütün ərzaq məhsullarının məcburi markalaşdırılması barədə qanun qəbul etməlidir: "Yalnız belə olarsa, insanlar aldıqları ərzağın genetik modifikasiya olunub-olunmadığını anlaya bilərlər".(milli.az)

AzNews.az