İstefaya göndəriləcək Baş nazir və onun komandası - SİYAHI

Üçüncü dəfə ölkə başçısı postunda əyləşəcək İlham Əliyev kimlərə yenidən şans verəcək?


Azərbaycan Konstitusiyasının 116-cı maddəsinə görə, yeni seçilmiş Azərbaycan Respublikasının prezidenti vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün Nazirlər Kabineti istefa verir. Konstitusiya Məhkəməsi yeni seçilmiş prezidentin səlahiyyətlərini təsdiq edəndən 3 gün sonra ölkə başçısı hökumətin tərkibinə yenidən baxacaq. Üçüncü dəfə ölkə başçısı postunda əyləşəcək İlham Əliyev iqtidarında yeni hökumətin tərkibini müəyyənləşdirəcək. Ölkə başçısının seçkiöncəsi ad çəkmədən məmurlara ünvanladığı ümumi xəbərdarlıqlar rəhbər postlarında dəyişikliklər ediləcəyinə işarə saymaq olardı.

Modern.az saytı tezliklə istefaya gedəcək hazırkı hökumətin tərkibini təqdim edir.

Əvvəla xatırlatma üçün deyək ki, son illərə kimi Azərbaycanın ən uzunömürlü naziri keçmiş mədəniyyət naziri Polad Bülbüloğlu sayılıb. O 17 il (1989-2006) nazir postunda əyləşib.

Hazırda fəaliyyətdə olan bəzi nazirlərimiz isə lap qısa zamanlarda kreslolarını əldən verməsələr, bu rekordu təzələyəcəklər. Amma bu rekordu təzələyənlər artıq var.

Baş nazir Artur Rasizadə deyəsən ən uzunömürlü nazir kimi Azərbaycan tarixinə düşən Polad Bülbüloğlunun "rekord"unu təzələyəcək. Belə ki, qısa fasilələrlə 17 ildir ki, Azərbaycanın Baş naziri postunu tutan 78 yaşlı Artur Rəsizadə 1996-cı ilin mayında Baş nazirin birinci müavini, elə həmin ilin noyabrında Baş nazir vəzifəsinə təyin edilib. 2003-cü ilin avqustunda İlham Əliyevin Baş nazir təyin edilməsindən sonra üç ay Baş nazirin müavini vəzifəsində olub. Yaşı və səhhətilə bağlı Baş nazirlikdən öz razılığı ilə getdiyi barədə məlumatlar yayılsa da, İ.Əliyev prezident seçiləndən sonra, 2003-cü ilin noyabrında A.Rasizadə yenidən "öz postu" na qayıdıb. Hazırda həmin vəzifəni icra etməkdədir.

Baş nazirin 1-ci müavini, 68 yaşlı Yaqub Eyyubov uzun illərdir Artur Rasizadə ilə çiyin-çiyinə işləyir. O, 1999-2003-cü illərdə Azərbaycan Respublikası Nazirlər Kabinetində Baş nazirin müavini, 2003-cü ildən Azərbaycan Respublikası Baş nazirinin birinci müavinidir. Bu isə o deməkdir ki, cənab Eyyubov 14 ildir Nazirlər Kabinetində yüksək vəzifə tutur.

Baş nazirin digər müavini, 73 yaşlı Abid Şərifov isə 1995-cü ilin noyabr ayından hazırkı vəzifəsində çalışır – 18 il.

Baş nazirin digər müavini, 65 yaşlı Əli Həsənov 15 ildir eyni vəzifədə çalışır. Əli müəllim 1998-ci ildən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Baş nazirin müavinidir.

Baş nazirin müavini Elçin Əfəndiyevin 70 yaşı var. 1993-cü ildən Baş nazirin müavini vəzifəsini tutan Elçin Əfəndiyev 20 ildir eyni hakimiyyət kürsüsündə əyləşir.

65 yaşlı general-polkovnik Ramil Usubov 1994-cü ildən daxili işlər naziri vəzifəsinə təyin edilib. Azərbaycan Respublikasının daxili işlər naziri artıq 19 ildir yorulmadan eyni vəzifədə işləyir.

Müdafiə naziri Səfər Əbiyev də 1995-ci ildən müdafiə naziridir. 63 yaşlı general 18 ildir ki, bu vəzifəni tutur.

Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov 2006-cı ilin fevralından Fövqəladə Hallar Nazirliyinə rəhbərlik edir. 52 yaşlı Kəmaləddin müəllimin bu vəzifədə çalışmasının 7 ili tamam olub.

Milli təhlükəsizlik naziri, general-leytenant Eldar Mahmudov 2004-cü ildə hazırki vəzifəsinin başına keçib. General 9 ildir -Azərbaycanın xüsusi xidmət orqanına rəhbərlik edir. Onun 57 yaşı var.

Müdafiə sənayesi naziri Yavər Camalov 2006-cı ilin mart ayında nazir postuna təyin edilib. 64 yaşlı nazir 7 ildir bu vəzifəni həyata keçirir.

58 yaşlı ədliyyə naziri Fikrət Məmmədov 2000-ci ilin aprel ayında ədliyyə orqanının başına gətirilib. Fikrət müəllim eyni vəzifə tutmasının 13-cü ili tamam olub.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov 2000-ci ilin may ayından seçkiləri həyata keçirən quruma rəhbərlik edir. 62 yaşlı Məzahir müəllim artıq 13 ildir yorulmadan eyni postda çalışır, seçkilər keçirir.

Yaxınlarda 60 yaşını qeyd edəcək vergilər naziri Fazil Məmmədov 14 ildir nazir vəzifəsindədir.

Nazirlə həmyaşıd olan Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə 13 ildir tələbə qəbulu sahəsinə rəhbərlik edir.

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 66 yaşlı sədri Qərib Məmmədov 18 aprel 2001-ci il tarixində bu vəzifənin başına keçib. Qərib müəllimin komitə sədri postunu tutmasının 12 ili tamam olur.

61 yaşlı nəqliyyat naziri Ziya Məmmədov isə 11 ildir eyni kürsüdə əyləşir.

52 yaşlı Maliyyə naziri Samir Şərifov 2006-cı ilin aprel ayından Azərbaycan Respublikasının maliyyə naziridir. Samir müəllim artıq 7 ildir bu vəzifənin sahibidir.

55 yaşlı əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov 2006-cı ilin fevralında indiki vəzifəsinə gətirilib. O, 7 ildir eyni vəzifə kürsüsündə əyləşir.

Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun da bu vəzifədə stajı az deyil. O, 2001-ci ildən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbəridir. Bu isə cənab 58 yaşlı Bağırovun 12 ildir ekologiya sahəsinə rəhbərlik etdiyini deməyə əsas verir.

İqtisadi inkişaf naziri, 48 yaşlı Şahin Mustafayev 2008-ci il oktyabrın 31-dən iqtisadi inkişaf naziridir. O, 5-ci ildir nazir kürsüsündə əyləşir.

53 yaşlı xarici işlər naziri Elmar Məmmədyarov 9 ildir bu vəzifədə çalışır. Elmar müəllim 2004-cü ildən xarici siyasətimizə rəhbərlik edir.

Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov 2002-ci ilin 17 dekabr tarixində bu vəzifəyə təyin edilib. Pensiyaçılar 52 yaşlı Səlim müəllimi 11 ildir bu vəzifədə görürlər.

Kənd təsərrüfatı naziri İsmət Abasov bu vəzifədə 9 ildir işləyir. 59 yaşlı İsmət müəllim 23 oktyabr 2004-cü ildən isə kənd təsərrüfatı naziridir.

Rabitə və informasiya texnologiyaları naziri, 60 yaşlı Əli Abbasov 9 ildir rabitə sahəsində ən yüksək vəzifəni tutur

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov 8 ildir bu mərkəzi icra hakimiyyətinə rəhbərlik edir. Onun 52 yaşı var.

Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsinin sədri Kərəm Həsənovun bu vəzifədə stajı çoxdur. 44 yaşlı K.Həsənov 2005-ci ildən Əmlak Məsələləri Komitəsinin sədri vəzifəsini tutur. Deməli 8 ildir eyni vəzifə kürsüsündə əyləşir.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 2006-cı ildən mədəniyyət və turizm naziri posunu tutur. 57 yaşlı nazir 7 ildir eyni vəzifə kürsüsündə əyləşir.

49 yaşlı gənclər və idman naziri Azad Rəhimov 7 ildir gənclər və idman sahəsində rəhbər şəxsdir.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov 2002-ci ildən bu vəzifədədir. 50 yaşlı komitə sədri 11 ildir vəzifə kürsüsünü dəyişmir.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev 2006-cı ilin fevral ayından bu vəzifədə çalışır. Aydın Əliyevin eyni vəzifədə çalışmasının 7 ili tamam olub.

Səhiyə naziri Oqtay Şirəliyev 8 ildir səhiyyə sahəsinə rəhbərlik edir.

Satınalmalar üzrə Dövlət Agentliyinin direktoru İskəndər Çəndirli 5 ildir bu vəzifədə çalışır.

Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov 1995-2006-cı illərdə bu vəzifədə çalışıb. 2007-2008-ci illərdə Nazirlər Kabineti yanında "İçərişəhər" Tarixi-Memarlıq Qoruğu İdarəsinin rəhbəri olub. 2008-ci ildə yenidən Müəllif Hüquqları Agentliyinin sədri vəzifəsinə qaytarılıb. Kamran müəllim 5 ildir eyni vəzifə kürsüsündə əyləşir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov yüksək vəzifə tutan məmurlar arasında ən az staja malik olan şəxsdir. 31 may 2012-ci il tarixində bu vəzifəyə təyin edilib – təxminən 1 il 6 ay.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov 8 ildir bu vəzifəə çalışır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova 7 ildir eyni vəzifə başındadır.

Sənaye və energetika naziri Natiq Əliyev 9 ildir sənaye və energetika sahəsində rəhbər məmurdur.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov yaşlı məmurlar sırasına daxildir. 76 yaşlı Abbas müəllim 6 ildir komitəyə rəhbərlik edir.

Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyevi isə şəriksiz olaraq eyni vəzifədə ən çox işləyən məmur saymaq olar. O, 1993-cü ilin may ayından Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədridir. Bu isə düz 20 il edir.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı həmkarlarından xeyli cavan və stajı azdır. O, 2008-ci ilin noyabr ayında Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə sədr vəzifəsinə təyin edilib. Cənab Aslanlı 5-ci ildir bu postda çalışır.

Bunlardan başqa Nazirlər Kabinetinin istefaya göndəriləcək heyətinə aşağıdakı məmurlar da daxildir:

Mikayıl Cabbarov – təhsil naziri

Kamran İmanov - Müəllif Hüquqları Agentliyinin sədri

İnam Kərimov - Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri

Akim Bədəlov - Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri

Qüdrət Qurbanov - Dövlət Dəniz Administrasiyasının rəisi

Fuad Quliyev - Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru

Firidun Nəbiyev - Dövlət Miqrasiya Xidmətinin rəisi

Elçin Quliyev - Dövlət Sərhəd Xidmətinin rəisi

Arzu Rəhimov - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi

Ataxan Paşayev - Milli Arxiv İdarəsinin rəisi

şərh yaz


AzNews.az