İqbal Ağazadənin vəkilləri bəyanat yaydı

"Ümid" partiyasının sədri, prezidentliyə namizəd olan İqbal Ağazadənin vəkilləri bəyanat yayıb.

"Azərbaycanımızın inkişafında maraqlı olan hər kəs doğru bildiyi yollarla cəhdlərini davam etdirməkdədir. Çox təssüf ki, ölkəmizin iki qütblü olmasında maraqlı olan tərəflər bilərəkdən və ya biləmyərəkdən çox fikirliliyə zərbə vurmaqdadır. Halbuki, sivil dünyanı şərtləndirən cəhətlərdən biri də çox fikirlilik və iştirakçılıqdır.

Biz üçüncü qüvvənin formalaşmasında maraqlı olan tərəf kimi fərqli seçim etdik. Seçimimizin düzgün olduğuna əminliyimizi hər hansı bir siyasi düşərgədə təmsil olunmayan vətəndaşlardan aldiğimiz mesajlar da sübüt edir. Biz 2013-cü il Azərbaycan Respublikası prezindent seçkilərinə namizədlər arasından millət vəkili, Ümid Partiyasının sədri İqbal Ağazadənin vəkilləri kimi qatıldıq. Bu bizim barışcıl və sivil metodlarla bütün tərəflərin maraqlarını heçkimlə düşmənçilik etmədən təmin etmə təşəbbüsünə dəstəyimiz idi. Uzun illərdir cəmiyyətdə mövcud olan tərəflər arasında düşmənçilik bizi narahat edir. Bu düşmənçiliyin dərinləşərək davam etməsi Azərbaycanın stabilliyini təhlükə altına atır.

Bütün bunları nəzərə alaraq, ölkəmizdə dəyişikliklərin yalnız sivil yollarla gerçəkləşməsini istəyən tərəf kimi öz qərarımızda israrlı olduğumuzu bəyan edirik. İqbal Ağazadənin bütün çətinliklərə baxmayaraq hakimiyyətə müsbət mesaj verməsini üçüncü xətti qoruma təşəbbüsü kimi təqdir edirik. Inanmaq istərdik ki, Azərbaycanda iqtidar olan hazırkı hakimiyyət islahatlarda və dəyərlərə söykənən vətəndaş həmrəyliyində maraqlı olacaq.

İqbal Ağazadənin vəkilləri:

Xalisə Şahverdi

Ramin Hacılı