Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsinin şikayəti təmin edilmədi

AzNews.az xəbər verir ki,bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

İclasda MSK-ya daxil olan müraciətlərə baxılıb. MSK katibi Arifə Muxtarova məlumat verib ki, Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə namizədi Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi Mustafa Hacıbəyli 33 saylı Xətai birinci seçki dairə üzrə bir sıra seçki məntəqələrində seçkilərin nəticələrinə dair protokolların tərtibindən MSK-ya şikayət edib. A.Muxtarova deyib ki, MSK M.Hacıbəylinin müraciətini araşdırıb. Məlum olub ki, müraciət konkret faktlara əsaslanmır və ümumi xarakter kəsb edir. Ona görə də Komissiya müraciəti hüquqi əsası olmadığından təmin etməyib.

Mustafa Hacıbəyli çıxış edərək müraciətinin əsaslı olduğunu və adı çəkilən DSK üzrə seçki məntəqələrinin yekun protokollarının real seçki nəticələrinə uyğun tərtib edilmədiyini bildirib.

MSK sədri Məzahir Pənahov isə deyib ki, müraciətlərin araşdırılması konkret faktlara əsaslanmalıdır. Faktlar isə göstərir ki, həmin DSK üzrə məntəqələrdə tərtib olunmuş yekun protokolları Milli Şuranın nümayəndələri, eləcə də ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun müşahidəçiləri hazırlanmış müvafiq aktlarda öz imzaları ilə təsdiqləyib.

MSK üzvləri də çıxışlarında müraciət edənin şikayətinin sübuta yetirilmədiyini deyiblər. MSK açıq səsvermə nəticəsində müraciəti təmin etməyib.

İclasda Komissiya daxil olan digər məsələlərə də baxılıb.

Yığıncaqda MSK-nın 13 oktyabr 2013-cü il tarixli iclas protokolu təsdiq edilib.

AzNews.az