Dövlət Komitəsindən Orxan Zeynalovla bağlı açıqlama

Rusiyadakı son hadisələrlə əlaqədar Dövlət Komitəsində İşçi qrupu yaradılıb

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi Rusiyanın paytaxtı Moskvada Azərbaycan vətəndaşı Orxan Zeynalovla bağlı baş verənlərə münasibət bildirib.

Komitədən APA-ya verilən məlumatda bildirilir ki, Komitə O. Zeynalov tərəfindən törədildiyi ehtimal olunan qətl hadisəsindən təəssüflənir, mərhumun ailəsinin kədərini bölüşdüyünü bəyan edir.

Dövlət Komitəsi bu cinayət hadisəsində şübhəli qismində saxlanılan şəxsin Azərbaycan Respublikası vətəndaşı olmasından dərin təəssüf hissi keçirir: "İrqindən, dinindən və milliyyətindən asılı olmayaraq bu cinayət hadisəsini törədən şəxsin cinayət əməli törətdiyi sübuta yetirilərsə, o qanunla nəzərdə tutulmuş ən yüksək cəzaya layiqdir. Bununla yanaşı, Dövlət Komitəsi Rusiya kütləvi informasiya vasitələrinin milli müxtəlifliklərlə zəngin, böyük və çoxmədəniyyətli bir ölkədə məişət zəminində baş vermiş adi bir qətl hadisəsini etnik kontekstə ictimailəşdirməsindən narahat olduğunu bildirir. Cinayətkarın milliyyəti olmur. Əgər istənilən bir şəxs cinayət törətməkdə şübhəli bilinirsə, onun bu cinayəti törətdiyi qanunauyğun şəkildə sübuta yetirilməlidir. Rusiyanın da qoşulduğu bir çox beynəlxalq sənədlərdə təqsirsizlik prezumpsiyası öz əksini tapıb və bu sənədlər hər bir ölkənin qanunvericiliyinin ayrılmaz hissəsidir. Təəssüflə bildiririk ki, O. Zeynalova münasibətdə təqsirsizlik prezumpsiyasının tələbləri pozulub, məişət zəminində baş vermiş bir cinayət hadisəsi etnik kontekstdə ictimailəşdirilərək, cəmiyyətə təqdim olunub. Komitə bu cür yanaşmanın Rusiya ilə Azərbaycan arasında inkişaf etməkdə olan strateji tərəfdaşlıq münasibətlərinin, habelə xalqlarımızın çoxəsrlik dostluq əlaqələrinin ruhuna zidd olduğunu bir daha diqqətə çatdırır".

Komitə həmçinin Rusiyadakı azərbaycanlıları yaranmış situasiyada ehtiyatlı və təmkinli davranmağa, ayrı-ayrı şəxslərin və qrupların mümkün təhriklərindən uzaq durmağa, təxribatlara uymamağa çağırır: "Rusiya ərazisində daimi və ya müvəqqəti yaşayan bütün soydaşlarımızı Rusiya Federasiyası qanunvericiliyinin tələblərinə əməl etməyə, öz fəaliyyətlərini qanunauyğun şəkildə qurmağa çağırırıq. Soydaşlarımızın və ictimaiyyətin nəzərinə çatdırılır ki, Dövlət Komitəsində Rusiyada yaşayan soydaşlarımız arasında hüquqi maarifləndirmə işini gücləndirmək, müvafiq profilaktik tədbirlər görmək məqsədilə İşçi qrup yaradılıb. Rusiya Federasiyasına ezam olunmuş İşçi qrup azərbaycanlıların kompakt yaşadığı regionlarda diaspor nümayəndələri ilə görüşlər keçirəcək, yarana biləcək mümkün problemli situasiyalarla bağlı Azərbaycanın digər müvafiq dövlət orqanları ilə məsləhətləşmələr əsasında zəruri tədbirlər görüləcək. Ümumrusiya Azərbaycan Konqresinin mərkəzi ofisində isə yarana biləcək situasiyalarda soydaşlarımıza hüquqi yardım göstərmək məqsədilə təcrübəli hüquqşünaslardan ibarət operativ qərargah yaradılıb. Qərargahda qaynar xətt fəaliyyət göstərir (+7 4953637594). Rusiyada yaşayan bütün azərbaycanlılar qarşılaşdıqları problemlərlə bağlı qaynar xətt vasitəsilə (24 saat ərzində) ÜAK-dakı qərargahdan zəruri hüquqi yardım və məsləhətlər üçün müraciət edə bilərlər.


AzNews.az