- Köhnə - Cəmiyyət
- 18 Oktyabr 2013 13:31
- 2 257
“Azərsu” beynəlxalq tədbirdə iştirak etdi- Foto
Oktyabrın 8-dən 11-dək Macarıstanda keçirilmiş Budapeşt Su Sammiti gələcək əməkdaşlıq və perspektiv inkişaf baxımından "Azərsu" Açıq Səhmdar Cəmiyyəti üçün əlamətdar olub. "Azərsu" ASC sammit çərçivəsində təşkil olunmuş su resurslarının idarə olunması və kanalizasiya xidmətləri sərgisində iştirak edib. Müxtəlif ölkələrdən 40-dan çox təşkilatın təmsil olunduğu sərgidə "Azərsu" ASC-nin stendləri nümayiş etdirilib.
AzNews.az-a qurumun mətbuat xidmətindən verilən məlumata görə, "Azərsu" ASC-nin stendlərini ziyarət edən qonaqlara Səhmdar Cəmiyyətin fəaliyyəti, həyata keçirilən layihələr, tətbiq edilən yeni texnologiyalar və qazanılan zəngin təcrübə haqqında ətraflı məlumat verilib. Eyni zamanda sərgi ziyarətçilərinə "Azərsu" ASC-nin son illər həyata keçirdiyi əsaslı tikinti və yenidənqurma işlərini əks etdirən videoçarx nümayiş etdirilib. Yüksək peşəkarlıq və tərtibatla hazırlanmış ekspozisiya materialları sərgi ziyarətçilərinin böyük marağına səbəb olub. Sərgi çərçivəsində "Azərsu" ASC-nin nümayəndə heyəti UNESCO, Beynəlxalq Hidroloji Proqram, Dünya Su Şurası, Qlobal Su, Təhükəsizlik və Sağlamlıq İnstitutu, Beynəlxalq Su Ehtiyatları Assosiasiyası, Hidrogeoloqların Beynəlxalq Assosiasiyasının, müxtəlif universitetlərin elm xadimləri və nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri ilə məhsuldar görüşlər keçirib. Ümumilikdə Budapeşt Su Sammiti qlobal problemlərin müzakirəsi və gələcək əməkdaşlıq baxımından səmərəli olub.
BMT-nin baş katibi Ban Ki Mun, Macarıstan prezidenti Yanoş Adar, UNESCO-nun baş katibi İrina Bokova, bir sıra ölkələrin hökümət rəsmilərinin iştirak etdiyi sammitdə ATƏT, BMT-nin Avropa İqtisadi Komissiyası, Dünya Bankı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, BMT-nin Sənayenin İnkişafı Komissiyası, Dünya Su Şurası, Dünya Səhiyyə Təşkilatı, Dünya Meterologiya Təşkilatı və nüfuzlu şirkətlərin nümayəndələri də təmsil olunub. Sammitdə çıxış edən BMT-nin baş katibi cənab Ban Ki Mun dünyada içməli su çatışmazlığı ilə bağlı qlobal problemlərdən bəhs edib. Baş katib gələcəkdə yaşanacaq su çatışmazlığı ilə bağlı xəbərdarlıq da edib. Onun sözlərinə görə, 2030-cu ilə qədər yer kürəsində yaşayan insanların yarısı kəskin içməli su qıtlığı ilə üzləşəcək. Baş katib şirin su mənbələrindən səmərəli və məqsədli şəkildə istifadə olunmasını tövsiyə edib.
Sammitin yekun sənədi olaraq Budapeşt Bəyannaməsi qəbul edilib.
AzNews.az