UNESCO-da Azərbaycan mütəfəkkiri yad ediləcək

Fransanın paytaxtı Parisdə UNESCO-nun Baş mənzil qərargahında görkəmli orta əsr Azərbaycan mütəfəkkiri və dühası Seyyid Yəhya əl-Şirvani əl-Bakuvi ili çərçivəsində Heydər Əliyev Fondunun təşəbbüsü, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "Seyyid Yəhya Bakuvi - Tolerantlığın ifadəsi" adlı elmi konfrans keçiriləcək.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, oktyabrın 22-də keçiriləcək konfransda Dövlət Komitəsinin sədri Elşad İskəndərov, Azərbaycan, Fransa, İngiltərə, Əlcazair, Türkiyədən olan tanınmış tədqiqatçılar, elm xadimləri iştirak edəcək. Seyyid Yəhya Bakuvinin xəlvətilik təriqəti, bu dini-fəlsəfi cərəyanın xüsusiyyətləri və dünyaya verdiyi töhfələrin işıqlandırılacağı konfransda müxtəlif mövzularda məruzələr dinləniləcək.
DQİDK tərəfindən UNESCO-nun Baş mənzil qərargahında Seyyid Yəhya Bakuvi ilinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Azərbaycan – Tolerantlıq məkanı" sərgisi eyni gündə açılacaq.

Qeyd edək ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə UNESCO tərəfindən bu il "Seyyid Yəhya Bakuvi ili" elan edilib.

Ramil
AzNews.az