“Bu sualların cavabı bu gün də aydın deyil” “Bu sualların cavabı bu gün də aydın deyil”

Dövlət Komitəsindən Orxan Zeynalovla bağlı açıqlama

“Bu sualların cavabı bu gün də aydın deyil”




Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin Moskvadakı son hadisələrlə əlaqədar Rusiyaya ezam olunmuş işçi qrupunun üzvləri Bakıya dönüb. Qrupun rəhbəri, komitənin I ərazi (Rusiya, Ukrayna, Belarus və Moldova) şöbəsinin müdiri Rizvan Əliyev APA-ya açıqlamasında bildirib ki, qətldə təqsirləndirilən Orxan Zeynalovun tutulma əməliyyatı, onun müdafiəçisi və Azərbaycan səfirliyinin nümayəndələri ilə görüşünə imkan verilməməsi real faktdır və bu da bir çox suallar doğurur: "Bu sualların cavabı bu gün də aydın deyil".

R. Əliyev deyib ki, artıq Rusiyanın Federal Miqrasiya Xidməti böyük bazarlarda, Rusiya Daxili İşlər Nazirliyinin əməkdaşları isə mənzillərdə həftənin hər cümə günü reydlərə başlayıblar: "Həmin bazarların əksəriyyətində əsasən azərbaycanlı ticarət adamları fəaliyyət göstərir. Bütün ölkə üzrə keçirilən bu reydlər zamanı qanunları pozan miqrantlar ölkələrinə geri qaytarılırlar. Biz dəfələrlə komitə olaraq xaricə gedən azərbaycanlılara bildirmişik ki, getdikləri ölkələrin yerli qanunlarına və mental dəyərlərinə hörmətlə yanaşsınlar. Rusiyada keçirilən bu reydlərin məqsədi qayda-qanun yaratmaqdır. Amma təbii ki, reydlər keçirilən böyük bazarlarda çalışanların çoxu bizim həmyerlilərimizdir ki, reyd zamanı onlara da ziyan dəyir".

R. Əliyev Rusiyada millətçi qrupların aktivləşdiyini və onların birmənalı olaraq bütün miqrantların ölkədən çıxarılmasını tələb etdiklərini söyləyib: "Onlar noyabrın 4-də bütün Rusiya üzrə digər millətlərə qarşı "Rus marşı" adı altında aksiyalar keçirməyə qərar veriblər. Biz ÜAK-ın strukturları vasitəsilə bütün regionlardakı azərbaycanlıları ehtiyatlı olmağa çağırdıq. Çünki Moskvada baş verən hadisələr digər regionlara da öz təsirini göstərib".

İşçi qrupun rəhbəri bildirib ki, hazırda küçələrə çıxmağa ehtiyat edən azərbaycanlıların çoxu miqrasiya ilə bağlı sənədləri yerində olmayanlardır. Məlum qətl hadisəsindən sonra hələ ki azərbaycanlılar tərəfindən hansısa cinayət törədilməsi, eləcə də hakimiyyət orqanları tərəfindən hansısa bazarın bağlanmasının müşahidə olunmadığı vurğulayan R. Əliyevin sözlərinə görə, "Pokrov" bazarının bağlanmasından sonra orada çalışmış, əksəriyyəti azərbaycanlılar olan ticarətçilər həmin ərazidə yeni bir açıq bazar təşkil edərək ticarətlərini davam etdirirlər: "Bu yeni bazarın hələ ki adı yoxdur, lakin "Pokrov"da olanlar burada toplaşırlar. Bunun müvəqqəti, yaxud daimi xarakter daşıması hələlik bilinmir".

Komitə rəsmisi Moskvada O. Zeynalovun vəkili Viktor İvanoviçlə də görüşüb: "Dünən vəkil vəsatət qaldırıb ki, Orxan Zeynalovun əməli sübuta yetirilənə qədər o, azadlığa buraxılsın. Bizim hamılıqda məqsədimiz odur ki, Orxan Zeynalov əgər cinayəti həqiqətən törədibsə cəzalandırılsın, əgər törətməyibsə, o, mütləq azadlığa çıxmalıdır".

R. Əliyev qeyd edib ki, O. Zeynalovun tutulması zamanı hüquq-mühafizə orqanlarının qeyri-qanuni hərəkətləri elə bir rezonans yaradıb ki, artıq onların bu məsələyə ədalətli hüquqi qiymət verməkdən başqa çıxış yolları yoxdur: "Bu həftə hadisənin mahiyyəti tam ortaya çıxacaq. Səfirliyimizin əməkdaşlarına, vəkilə Orxan Zeynalovla görüş veriləcək. Çünki artıq vəziyyət elədir ki, bu məsələ belə davam edə bilməz".

AzNews.az