Aksiya xəbəri yayılan institutdan REAKSİYA gəldi – Yenilənib

"Tələbələri irad və təkliflərini müzakirə etməyə, narahatlıqlarını bölüşməyə çağırırıq. Çünki Turizm İnstitutunun rəhbərliyi daim burada təhsil alan tələbələrimizlə yaxın təmasda olub və ünsiyyət üçün maneə yaratmayıb".


Bunu AzNews.az-a açıqlamasında tələbələrin aksiya keçirəcəyi bildirilən Azərbaycan Turizm İnstitutunun (ATİ) tədris işləri üzrə prorektoru Eldar Aslanov deyib. O bildirib ki, institut yarandığı gündən keyfiyyəti üstün tutub və bunu artırmaq üçün bütün imkanları səfərbər edib.

Tələbələrin tələblərinə gəldikdə isə E. Aslanov vurğulayıb ki, bu istiqamətdə tələbə və müəllim kollektivinin iştirakı ilə daim müzakirələr aparılıb: "İnstitutun tədris proqramı və bütün prosedurlar ali məktəbin daxili qaydaları ilə həyata keçirilmir. Bütün bunlar ölkə üzrə Təhsil Nazirliyi tərəfindən qəbul olunmuş standartlar üzrə reallaşdırılır. Bundan başqa institut öz tədris prosesində beynəlxalq standartlardan da istifadə edir. Yəni bütün addımlar "Boloniya tədris prosesi" çərçivəsində həyata keçirilir".

Tələbələrin infrastrukturla bağlı iradlarına gəldikdə, prorektor əlavə edib ki, bu istiqamətdə də zəruri işlər aparılır: "Çox sevinirik ki, tələbələr infrastruktur, yaxşı tədris imkanlarının yaradılması tələbi ilə çıxış edirlər. Amma bildirirəm ki, institut yeni yaranıb və texniki imkanların yaxşılaşdırılması isə qısa müddətdə həll oluna bilməz. Biz mərhələ-mərhələ bu işləri həyata keçiririk. Artıq birinci korpus tam hazır vəziyyətdə tələbə və müəllim heyətinin istifadəsinə verilib. İkinci korpusun binasını isə yeni təhvil almışıq. Çalışırıq ki, digər korpusları da müasir standartlara uyğunlaşdıraq".

E. Aslanov əlavə edib ki, tələbələrin yüksək təhsil almaları onların başlıca məqsədləridir: "Onlar bizim məhsullarımızdır və təbii ki, daha yaxşı təhsil almalarını, gələcəkdə rəqabət qabiliyyətli kadr olmalarını istəyirik. İşlərimizi də buna uyğun qururuq. Amma onlar da intizamlı olmalı, tədrisin çətinliyindən çəkinməməli, keyfiyyətli oxumalıdırlar".

Prorektor deyib ki, gələn həftə etiraz edən tələbələrlə görüşüb, onların tələblərini müzakirə edəcəklər.


Qeyd edək ki, Turizm İnstitutunun tələbələrinin tələbləri bir qədər qəribə qarşılanıb. Çünki bu tələblərin çoxu reallaşması mümkün olmayan, təhsilin keyfiyyətinin aşağı salınmasına gətirib çıxara bilən tələblərdir.

***

00:16

Azərbaycan Turizm İnstitutunun 2-ci korpusunun tələbələri etiraz etməyə hazırlaşır. AzNews.az-ın məlumatına görə, onlar öz etirazlarını rektora imza toplamaq yolu ilə çatdırmaq istəyirlər. ATİ-nin Facebook səhifəsində tələbələrin tələbləri də yer alıb. Onların tələbləri aşağıdakılardır:

1) Qaib limitinin yığışdırılması;
2) İmtahanların test üsulu ilə keçirilməsi;
3) Aşağı kurslarda kəsrin olarsa, pul ödəməmək;
4) Təcrübəyə daha çox kəsrlə gedə bilmək;
5) 2-ci korpusda şəraitin yaxşılaşdırılması.

Bundan əlavə onların artıq 250 dən çox imza topladığı və imza toplama aksiyasının 1-ci gündən əsas korpusda da olacağı qeyd olunub. Tələbələr bildirirlər ki, əgər tələbləri qəbul olunmasa, etiraz aksiyasına başlayacaqlar.

Xatırladaq ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri imtahanların test üsulu ilə keçirilməsi tələbiylə oktyabrın 21-də etiraz aksiyası keçirmişdilər.

Rəhim Qədirov
AzNews.az
image description