İki jurnalist həkimlərdən şikayətçidi

Son dövrdə iki jurnalistin ailəsində itki yaşanıb. Onlardan biri jurnalist Anar Nİftəliyevin xanımı, Slavyan Universitetinin "Yaradıcılıq" fakültəsinin dekanı, tənqidçi Elnarə Tofiqqızı, digəri telejurnalist Afət Telmanqızının qardaşı Anar Cəfərovun həyat yoldaşı Pərvinə Hüseynovanın ölümüdür. Hər iki halda ailələr həkim səhlənkarlığını əsas gətirir.

"Medi Sina" klinikasında əməliyyat zamanı dünyasını dəyişmiş xanımıyla bağlı cinayət işinin davam etdiyini deyən Anar Niftəliyev modern.az-a bildirdi ki, ekspertiza nəticələri Nəsimi rayon Prokurorluğuna təqdim olunub.

"Tibbi Komissiya hansı həkimin hansı dərəcədə yanlışlığa yol verdiyini müəyyənləşdirəçək. İlkin məlumatlara görə, bir ay müddətində ekspertizanın nəticələri açıqlanacaq. Amma mən səhiyyə naziri ilə görüşməyi düşünürəm. İndi qırx mərasimi olduğundan başım çox qarışıqdır. Amma səhiyyə naziri ilə görüşümdə bir çox məsələləri onun diqqətinə çatdıracağam. Həkim məsuliyyətsizliyini və buna görə də ölüm hallarının çoxaldığını bildirəcəyəm. Çünki son bir ayda 3 belə hadisə baş verib. Mənim üçün maraqlı olan budur ki, bu ölüm hadisələrinin istintaqının və məhkəməsi olan da var, amma həmin müddətdə təqsirkar həkimlərin heç birinin işinə məhdudiyyət qoyulmayıb. Halbuki, səhiyyə naziri istintaq getdiyi müddətdə həmin şəxslərin fəaliyyətlərini məhdudlaşdıra, ən azı bu adamların cərrahiyyə əməliyyatlarına girməyinə qadağa qoya bilər. Təəssüf ki, səhiyyə naziri bu imkanlarından istifadə etmir".

Ailəsində oxşar faciə yaşanmış Afət Telmanqızı isə modern.az-a bildirdi ki, hələ ki, heç bir yerə rəsmən şikayət etməyib. "Bu gün gəlinimizin üç mərasimidir. Odur ki, başımız qarışıqdır. Hüzr mərasimini yola verəndən sonra özüm hara lazımdırsa, ora da müraciət edəcəyəm".

AzNews.az