Nazirlər Kabinetinin işçiləri üçün yeni yaşayış binaları tikilir

Bakı şəhərində Nazirlər Kabinetinin əməkdaşları üçün yeni yaşayış binaları tikilir.

Musabəyov dairəsi (Zərgərlik Zavodu yaxınılığında) adlanan ərazidə başlanan tikinti işləri 1 hektar sahəni əhatə edir. Burada üç yaşayış binasının inşası aparılır. Bu barədə "APA-Economics"ə tikinti işlərini aparan "Avesta" Konserninin prezidenti İbrahim Nehrəmli məlumat verib.

Onun sözlərinə görə, yaşayış binaları 20 mərtəbəli olacaq və ümumilikdə burada 360 mənzilin olması nəzərdə tutulub.

"Bu binalarda mənzillərin 1-4 otaqlı olması nəzərdə tutulub. Mənzillərin sahəsi 70-200 kv. metr olması planlaşdırılır. Həmçinin, yaşayış binalarının həyətində avtomobillər üçün dayanacaq da tikiləcək. Tikinti işlərini gələn ilin sonuna kimi yekunlaşdırmağı planlaşdırırıq", - deyə İ.Nehrəmli qeyd edib.

AzNews.az