Qeysəriyyə əməliyyatları üçün yeni mexanizm

"Hazırda Azərbaycanda qeysəriyyə əməliyyatlarının aparılması üçün müəyyən protokollar tətbiq edilir. Təbii ki, tətbiq olunan bu protokollar təcili qeysəriyyə əməliyyatlarına aid deyil. Əgər xəstə təcili sürətdə xəstəxanaya çatdırılırsa, burada heç bir komissiyadan söhbət gedə bilməz".

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Anar Qədirli deyib.

O bildirib ki, gələcəkdə Azərbaycanda planlaşdırılmış qeysəriyyə əməliyyatlarına həkimlərin konsiliumu nəzərdə tutulub. A.Qədirlinin sözlərinə görə, hazırda sənəd Ədliyyə Nazirliyinə verilib: "Onların təsdiqindən sonra xəstəxanalarda qeysəriyyə əməliyyatlarının həyata keçirilməsi mexanizmi müəyyənləşəcək. Bu gün hər bir xəstə xəstəxanaya daxil olanda onun müayinə və müalicəsi klinik protokollar əsasında aparılır. Qeysəriyyə əməliyyatının da həyata keçirilməsi klinik protokollar əsasında həyata keçiriləcək".


AzNews.az