Dənizə tökülən pullar - “Xəzər adaları”ndan REPORTAJ

Parlament seçkilərində zarafatla deyilmiş "Xəzəri qurudub oradan hamıya torpaq paylayacam" ifadəsi gülməli fikir kimi qəbul edilmişdi.

Amma çox keçmədi ki, Xəzərdə ev tikib şəhər salmaq fikri gündəmə gəldi. Bu fikrin müəllifi Hacı İbrahim Nehrəmli öz planlarından danışmağa başlayanda hamı ona şübhə dolu nəzərlərlə baxırdı. "Pulunu xərcləməyə yer tapmır" deyənlər də oldu, "Pullarını aparıb dənizə təkəcəyinə" əmin olanlar da.

Bu şəhər tikiləcək

Hacı İbrahim isə 3 il bundan əvvəl "tikməyə hardan başlayaq" deyib təməl daşını qoyanda də uğur qazanacağına əmin idi: "Bura bataqlıq idi. Ayaq qoyub keçməyə yer tapmırdıq. Mütəxəssislər "tikməyə hardan başlayaq" deyə soruşanda, borunu bir nöqtəyə qoyub, "Bax, burdan", dedim. Sonradan memarlıq qaydalarına əsaslanan hesablamalar da göstərdi ki, təsadüfən seçilmiş həmin nöqtə bu şəhərin başlanğıc nöqtəsidir. Onda mütəxəssislər də mənə dedi ki, bu şəhər tikiləcək".

Həmin nöqtə indi bir kompleksdir. Bakının Qaradağ rayonu ərazisində tikilməkdə olan "Xəzər adaları" meqa projesinin idman və stadionlar kompleksi tezliklə reallaşacaq açılışlar üçün başlanğıc oldu.

Təxminən iki aydan sonra isə burdakı kafe və restoranların bir qisminin açılışı gerçəkləşəcək. Gələn ilin mart ayınadək adada 16 restoran, çimərlik yerləri fəaliyyətə başlayacaq. Min nəfərlik çimərlik növbəti mövsümdə istifadəyə hazır olacaq.

Niyə stadion?

Şəhərin təməli təsadüfi seçilən nöqtə üzərində qurulsa da, açılışın idman üzərindən olması təsadüf deyil. Azərbaycanda idmana dəstək məqsədilə yaradılmış "Khazar İslands" peşəkar futzal komandasından və "Avesta" Konserninin Azərbaycan idmanına qayğısından danışan İ.Nehrəmli idmanın motorlu qayıqsürmə, futzal növlərinə xüsusi diqqət ayırdıqlarını bildirib. Başqa idman növlərinin də inkişafı üçün hər cür şərait yaradılacağını, "Xəzər adaları" sakinlərinin idmanla məşğul olması üçün böyük məsafələr qət etməsinə ehtiyac qalmayacağını vurğulayıb: "Futzal komandamız 4 oyun keçirib və liderlikdədir. Yaratdığımız "Khazar İslands" peşəkar futzal klubu artıq öz sözünü deyir. Onlar mənə növbəti illərdə liqaya çıxmağa söz veriblər.

Şəhərcikdə eyni zamanda digər idman növləri üçün də şərait yaradılır. Mini futbol, tennis, avtomobil yarışları, üzgüçülük və digər idman növləri üçün yerlərin tikintisi davam edir".
İdman və stadionlar kompleksində ilk oyun isə "Khazar Islands" -"Neftçi" İSM futzal klubları arasında yoldaşlıq görüşü olub.


Möhtəşəm və qarışıq şəhər...

Bakı şəhərindən 28 kilometr məsafədə, Sahil qəsəbəsinin şimal-şərq hissəsində yerləşən adada hər şey insana, onun rahatlığına hesablanıb. Şəhərə insanları gəmilər gətirəcək. Hər yerdə yaxtalar üçün dayanacaqlar qoyulacaq. Gəmidən düşən insanlar şəhərin öz nəqliyyat vasitələrindən istifadə edəcək…
Bura avtomobillə də gəlmək mümkün olacaq. İnsanlar maşından düşüb şəhərə girəcək. Avtomobillər isə şəhərin altında yerləşdiriləcək. Hazırda burada bir milyon maşın tutumu olan dayanacaq tikilir.

İlk 14 zolaqlı yol "Xəzər adaları"nda olacaq. Şəhərdə əsas nəqliyyat vasitəsi tramvay və velosiped olacaq. Qeyd edək ki, şəhərdə tramvayın işə düşməsi üçün lazım olan 6 körpüdən 2-si artıq hazırdır. Körpülər hazır olandan sonra tramvay işə salınacaq.
Yeraltı keçidlər və keçidlərdə süpermarketlər inşa olunacaq. Musiqili fəvvarələr quraşdırılacaq.
Bir milyona qədər insanın yaşayacağı şəhər 600 min insan üçün də iş yeri olacaq. İstər yaşamaq, istərsə də, işləmək üçün münasib məkana çevriləcək.

"Xəzər adaları" Azərbaycanda Bakıdan sonra ikinci şəhər olsa da, dünyada öz körpüləri ilə Hamburqdan sonrakı yerə iddialıdır. Burada nə az, nə çox, 150 körpü salınacaq. həm hündürmərtəbəli binalar, həm də villalar tikiləcək. Girişdə sağda 700 villa, dənizin içərisinə doğru 7-8 kilometrdən sonra isə dünyanın ən böyük binalarından biri ucalacaq. Hacı İbrahim Nehrəmli əmin edir ki, burada tikilən 22-25 mərtəbəli binalar Bakıdakı binalardan daha möhkəm olacaq: "Mən Bakıda da evlər tikirəm. Burada - dənizin bu hissəsində qrunt daha sıx və möhkəmdir. Evlər 9 ballıq zəlzələyə davamlıdır. Tikinti gedən yerdə dənizin dərinliyi 5-20 metrdir. Bu məsələdə də bəxtimiz gətirib. Bu dərinlik tikinti üçün də heç bir problem yaratmır".

Evlərə isti-soyuq su veriləcək. Burada ev alan əlavə bir mismar belə işlətməyəcək. Şəxsi mülklərdən kənarda bütün işləri şirkət həyata keçirəcək. İstər təmizliyə, istər xidmətə görə cavabdeh şəxslər olacaq. Bu şəhərin öz meriyası, öz qanunları olacaq. Nə polis gözə dəyəcək, nə rüşvət istəyən. Qanun pozan cəriməsini büdcəyə ödəyib qəbzini götürəcək.
Şəhərin enerjisini isə dənizin küləyi, suyu və günəşi təmin edəcək. Alternativ enerji mənbələri ilə işıqlanacaq şəhər hər kəsin yaşamaq istəyəcəyi bir yer olacaq.
"Xəzər adaları" Xəzərin tez-tez aktivləşən zəlzələ ocaqlarına da, küləklərin yaratdığı sərt dalğalara da dayanıqlı olacaq.

***
78 ada. Hər adada bir məktəb… çoxlu universitetlər... müasir xəstəxana, idman və sağlamlıq mərkəzləri. Yollarda ilboyu üstü çiçəklə dolu yaşıllıq sahəsi salınacaq. Hazırda bəzi yerlərdə ətrafı bürüyən peyin qoxusu bu şəhərin qışda da solmayacaq çiçək ətrindən xəbər verir.
Bu şəhərdə görüləcək hələ çox iş var. Belə ki, indiyə qədər işlərin cəmi 25 faizi görülüb…

Layihənin birinci mərhələsini yekunlaşdırmaq üçün 10 milyard manat vəsait cəlb ediləcək. Bu məbləğin artıq 10 faizi layihənin icrasına xərclənib. 2018-ci ilədək "Xəzər adaları" adlanan bu layihənin birinci mərhələsi tam yekunlaşacaq. Burada 6 milyon 500 kvadratmetr ərazi tikilib hazır olacaq. Adada səkkizə yaxın otel, 5 milyon kvadratmetrdən artıq yaşayış binaları tikiləcək.
İki ay sonra isə 10 hektar sahəsi olan böyük park və dörd körpü, eyni zamanda 3 kilometr uzunluğunda bulvar tam istifadəyə veriləcək. Bu məqsədlə burada gərgin iş gedir. Bir tərəfdə körpülərin tikintisi davam edir, digər tərəfdə gəzinti sahəsinə qranit döşənir, başqa bir tərəfdə hündürmərtəbəli binalar ucaldılır. Bu, gedən işin görünən hissəsidir. Əsas iş yerin altında, daha doğrusu, dənizin içində gedir. Dənizin 40 metr dərinliyindən binalar çıxardır, həmin binalarda yaşayacaq insanlar üçün marketlər, avtodayanacaq tikirlər. Elə şəhərin kommunal xətlərini də aşağı qatda çəkirlər. Nə boru xətti, nə yağış suyu, nə də hər hansı tullantı gözə dəyməyəcək… Ən əsası isə odur ki, nə gedən iş prosesində, nə də yaşayış başlanandan sonra dəniz çirklənməyəcək. Çünki dənizi çirklənmə səbəbi olan antropogen amillərdən qorumaq üçün bütün tədbirlər görülür. Dənizin təmizlənməsi üçün artıq xidmət gəmiləri gətirilib. Bundan başqa, nəinki çirkab sularını, yağış suyunu da dənizə axıtmayacaqlar. Çirkab suları təmizlənərək suvarmada istifadə olunacaq. Başqa sözlə, dənizdən su götürəcəklər, ancaq dənizə su axıtmayacaqlar.
Əslində buraya ayrıca su xəttinin çəkilişi də nəzərdə tutulub. Lakin dəniz suyunun duzsuzlaşdırılması üzrə ölkəmizdə başlanan iş ada şəhərdə də qurula bilər.


Restoranlar çox, qiymətlərsə…

Layihənin icrasının birinci mərhələsi başa çatanda burada 40 restoran olacaq. Ümumilikdə isə 500-dən çox restoran şəhər sakinlərinə xidmət göstərəcək. Hacı İbrahim deyir ki, restoranların sayını çox olması məqsədyönlüdür: "Restoranların çoxluğu bu xidmət sahəsində rəqabət mühiti yaradacaq. Restoran sahibləri insanların cibinə girə bilməyəcəklər".

Burada dənizlə bağlı hər şey olacaq. Hətta restoranlar da dəniz "sakinləri"ni xatırladacaq. Məsələn, hazırlanmaqda olan "Skat" restoranının ümumi ərazisi 6 min kvadrat metrdir. Burada 1000 nəfərlik mərasim zalı və restoran olacaq. Möhtəşəmliyi və qeyri adiliyi ilə seçilən bu binada 8 mətbəx fəaliyyət göstərəcək. Binada 12 növ süzülməmiş pivə istehsal edən pivəzavod da fəaliyyət göstərəcək.
Şəhərdə yalnız xidmət sahələri deyil, istehsal müəssisələri də olacaq. Burada istehsal sahələri üçün əlavə 50 hektar ayrılıb. Artıq qranit zavodunun tikintisi başlayıb.


Zeytundan çıxan çörək

Şəhərin əsas qazanc mənbələrindən biri də zeytun olacaq. Belə ki, indiyədək şəhərə xüsusi görünüş verən palmaları zeytunla əvəz etməyə başlayıblar. Çünki palmalar Xəzərin sərt üzünə tab gətirə bilməyib. Quruyan palmaları isə zeytun ağacları ilə əvəz edirlər. Artıq 10 min zeytun ağacı əkilib. Hər cəhətdən palmadan üstün olan zeytun ağaclarının sayı 100 minə çatdırılacaq. Hacı İbrahim Nehrəmlinin sözlərinə görə, gələcəkdə bu şəhərin əsas qazanc mənbələrindən biri də məhz zeytunluq olacaq.


Ölkənin ən böyük məscidi tikiləcək

Yalnız şəhərin özü yox, burada tikiləcək məscid də böyüklüyü və gözəlliyi ilə birinci olacaq. Hacı İbrahim Nehrəmli deyir ki, gərək elə bir məscid tikdirsin ki, dünyanın hər yerindən nəinki müsəlmanlar, bütün gözəllik həvəskarları axışıb "Xəzər adaları"na - həmin məscidi görməyə gəlsin: "Təsəvvürümdə böyük və gözəl məscid var. Ancaq onun layihəsini mən hazırlamayacam. Tender elan ediləcək və dünyanın tanınmış şirkətlərinin iştirakı ilə layihə hazırlanacaq. Mən bu məscid üçün 10 hektar ərazi ayırmışam. Bu şəhərdəki ən böyük bina üçün 3 milyard manat civarında vəsait xərclənəcəksə, məscidə 1 milyarddan az olmayaraq, vəsait nəzərdə tutmuşam".


Burada mənzil sahibi olmaq çox asandır

Maraqlıdır, bu şəhərdə yaşamaq kimlərə nəsib olacaq?
Hacı İbrahim deyir ki, burada istirahət eləmək də, yaşamaq da insanlar üçün əlçatan olacaq.
Məsələn, kirayə qalmaq istəyənlər üçün Qaradağda "Xəzər adaları" ilə üz-üzə yerləşən dağın yanında kirayə evlərin tikintisinə start veriləcək ki, burada da qiymətlər 200 manatdan başlayacaq. Tikiləcək evlər xaricdən gələn turistlərin yerləşdirilməsi üçün nəzərdə tutulub.

Ev sahibi olmaq istəyənlər üçün də hər cür rahatlıq təmin ediləcək. Mənzil sertifikatının olacağını bildirən Nehrəmlinin sözlərinə görə, yanvarın 1-dən mənzillərin satışı banklar vasitəsi ilə həyata keçiriləcək: "Nəğd heç nə olmayacaq. Hər bir əməliyyat şəffaf aparılacaq".

O, insanların rahatlığı naminə "Avesta" Konserninin gələcəkdə bank və sığorta şirkətlərinin qurulacağını da istisna etmədi.
Yaşayış binaları şirkətin tətbiq edəcəyi 20 ilə 6 faizlik ipoteka ilə veriləcək. Hacı İbrahim deyir ki, Azərbaycanda ipoteka 12 faizlə verilsə də, onlar mənzilləri cəmi 6 faizlə kreditə verəcək.
Şirkət satdığı evləri geri alacağını da vəd edir. Bir neçə il yaşayıb sonradan evi satmaq qərarına gələnlər onu elə şirkətə təklif edə biləcək. Ödənilən məbləğin 80 faizini geri qaytarmağı vəd edən "Avesta" rəhbəri bundan heç kəsin uduzmayacağını deyir: "Uzun illər kirayədə yaşayırsınız. Kirayədə qaldığınız illərdə verdiyiniz pulları qaytarmırlar ki. Amma bizdən mənzil alanlar nə vaxtsa, buradan çıxmaq istəyərsə, pulunun 80 faizini qaytarırıq. Odur ki, kirayədə yaşamaqdansa, bizim evləri almaq daha sərfəlidir".
Qeyd edək ki, "Xəzər adaları"nın satış mərkəzi tezliklə fəaliyyətə başlayacaq. Hazırda 1300 mənzilin tikintisi gedir.


Layihə dünyada maraq doğurub

Layihənin həyata keçirilməsi ilə "Xəzər adaları" dünyaya səs salıb. Artıq ayrı-ayrı ölkələrdən olan iş adamlarının diqqətini çəkib. Hətta burada işə başlayanlar da var. Hər gün müxtəlif şirkətlərdən təklif alıb danışıqlar aparan Hacı İbrahimin sözlərinə görə, Türkiyənin "Səma" şirkəti 60 milyon manat investisiyası ilə iki bina tikir: "Digər şirkətlərlə danışıqlar başlanıb. Bəhreyndən gələn iş adamları iki fabrikin tikintisinə başlayıb".

Hacı İbrahim Nehrəmlinin sözlərinə görə, onlar tikinti sahəsinə də pul qoymaq istəyirlər. Çindən, Amerikadan və Honq-Konqdan da "Xəzər adaları"na vəsait qoymaq istəyənlər, hətta bir adanı götürüb orada tikinti aparmağa iddialılar da var. Fransız tikinti maqnatları isə 2 milyard manatla şəhərcikdə tikinti işlərinə başlamağa hazırdır.


Tikmirəm ki, qazanım…

Hacı İbrahim Nehrəmli AzNews.az-a onu da deyib ki, bünövrəsini qoyduğu bu şəhərin gələcəyinə hər zaman inanıb. Ancaq: "İşə başlamazdan qabaq gecələr yata bilmirdim. Çox ağır işin altına girdiyimin fərqindəydim. Yuxusuz gecələr artıq arxada qalıb. "Xəzər adaları"nı 1 manat kredit götürmədən şəxsi vəsaitim hesabına tikirəm. Bundan sonrası isə asandır. Şəhər özü-özünü tikəcək. Bir tərəfdən satıb, gəliri şəhərin tikintisinə sərf edəcəyik. Artıq 213 satış reallaşıb. Özü də satış bahalı mənzillərdən başlanıb. Mənzillərin hər kavadrat-metri üçün qiymət 3000 manatdan başlayır. Lakin indiyədək alıcılar 3000 manatlıq mənzillərə yaxın da durmayıblar. Bu şəhər istifadəyə veriləndən sonra büdcəyə 20 milyardlarla vəsait daxil olacaq. Mən bu şəhəri pul qazanmaq məqsədi ilə tikmirəm. Məqsədim bu şəhəri tikə bilməkdir. Arzum budur ki, şəhər gözəl tikilsin, insanlarımıza gözəl xidmət etsin. Burada nə edirəmsə, millətim və dövlətim üçün edirəm".

Şəhərdə işlərin 2030-cu ilədək başa çatdırılması nəzərdə tutulub. O vaxta qədər isə Hacı İbrahim Nehrəmli 2-ci layihəsinə də başlayacaq…

Ruhiyyə Daşsalahlı
AzNews.az





image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description