Zakir Həsənov həmsədrləri qəbul etdi- Foto

Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Jak For (Fransa), Ceyms Uorlik (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı qonaqlar Dağlıq Qarabağ münaqişəsi, cəbhənin təmas xəttində mövcud vəziyyətlə bağlı öz təəssüratlarını bildirməklə yanaşı, müdafiə nazirini yeni vəzifəyə təyin edilməsi münasibətilə təbrik edib və ona gələcək işlərində uğurlar arzulayıblar.

Müdafiə naziri qonaqları salamlayaraq, onlara regiondakı vəziyyət, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının davam etməsi, qaçqın və məcburi köçkünlərin mövcud problemləri, o cümlədən beynəlxalq təşkilatların münaqişənin həlli istiqamətində atdıqları addımların nəticəsiz olması barədə fikirlərini bildirib.

Eyni zamanda, Z.Həsənov Rusiya Federasiyasının Ermənistanda yerləşən 102-ci hərbi bazasının komandirinin məlum çıxışını həmsədrlərin diqqətinə çatdıraraq, bu məsələyə rəsmi səviyyədə müvafiq reaksiyanın verilməsinin vacibliyini qeyd edib.

Öz növbəsində, ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov bu məsələnin anlaşılmazlıq nəticəsində baş verməsini istisna etməyərək araşdırılacağına söz verib.

Sonda Azərbaycanın ordu quruculuğu sahəsindəki imkanlarının genişliyi və müasir tələblərə cavab verən Silahlı Qüvvələrin qurulması istiqamətində fəaliyyətləri vurğulayan müdafiə naziri Azərbaycan tərəfinin işğal altında olan torpaqların sülh yolu ilə azad edilməsinin tərəfdarı olduğunu, xalqımızın işğal faktı ilə barışmayacağını və ərazilərinin azad edilməsi hüququnun özündə saxladığını bildirib.

Görüşdə müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov da iştirak edib.

AzNews.az