Akif Nağı Ramiz Mehdiyevə müraciət edəcək

Azad Qarabağ Uğrunda Alyans Təbrizdə keçirilməsi nəzərdə tutulan "Beynəlxalq Qarabağ Konfransı"nın təxirə salınması ilə bağlı mətbuat konfransı keçirib.

AzNews.az-ın məlumatına görə, Vətən Müharibəsi Əlilləri Cəmiyyətinin sədri Firudin Məmmədov bildirib ki, təmsil olunduğu alyans bu ilin iyununda Təbrizdə Qarabağla bağlı konfrans keçirib. Sonra qərara alınıb ki, bu mövzu noyabrın 6-da daha geniş formatda keçirilsin:

"Bu konfransın keçirilməsi İrandakı erməni lobbisinin fəaliyyətinə də böyük zərbə vurmuş olardı. Lakin bizə məlum olmayan səbəblərdən, tədbirin keçirilməsinə 10 gün qalmış tədbirə qarşı kampaniya aparıldı. Sonra isə konfransın təxirə salındığı İran tərəfindən elan olundu".

QAT sədri Akif Nağı deyib ki, Təbriz konfransının baş tutmaması ilə əlaqədar alyans adından hökumət orqanlarına müraciət ediləcək. O, dekabrda Türkiyənin İstanbul şəhərində beynəlxalq Qarabağ konfransının keçirmək niyyətini də açıqlayıb: "Eyni zamanda Qarabağla bağlı Moskva və Avropanın digər şəhərlərinə tədbirlər keçirməyi planlaşdırırıq. Hazırda isə Təbriz konfransının baş tutması üçün çalışırıq. Burada anlaşılmazlıq var. Bununla əlaqədar Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə və Azərbaycan Xarici İşlər Nazirliyinə müraciət göndəriləcək".

A.Nağı alyansın bu ayın sonunda Gürcüstana səfərinin də nəzərdə tutulduğunu qeyd edib. Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli bildirib ki, konfransın təxirə salınmasına anlaşılmazlıq səbəb olub.

Ramil
AzNews.az