Əkrəm Əylisli Milli Şuraya gedənləri qınadı – Özəl

"Milli Şuraya gedənlər Ziyalılar Forumundan uzaqlaşdırılmalıdır"

"Əgər Rüstəm İbrahimbəyov Azərbaycana gəlməsə və forumda iştirak etməsə, o zaman Ziyalılar Forumunun tamamilə yenidən qurulmasına ehtiyac olacaq".

Bunu AzNews.az-a açıqlamasında tanınmış yazıçı Əkrəm Əylisli bildirib. Ə.Əylislinin sözlərinə görə, Ziyalılar Formunun yenidən yaranmasına ehtiyac var: "Bu forum yenidən yaradılmalıdır, dəyişilməlidir. Ancaq hansı keyfiyyətdə olacaq, orada toplaşanlara inam olacaqmı, bunları indidən demək olmaz. Forum mütləq yenilənməlidir. Hansı formada olacağı barədə hələlik nəsə demək çətindir".

Ə.Əylisli əvvəlki tərkibdə qalacağı təqdirdə Ziyalılar Forumundan istefa verib-verməyəcəyi barədə də sualı cavablandırıb: "Əvvəlki tərkib qala bilməz. Əvvəl məqsəd başqa idi, indi oradakıların bəzisi həm də siyasi fiqurdur. Siyasi fiqurla Ziyalılar Forumunun məqsədləri üst-üstə düşmür. Mən demişəm ki, 3 nəfər siyasətlə məşğul olur. İndi onlar Milli Şuranın ətrafında toplanıblar. Milli Şurada ziyalılar da ola bilərdi. Onlar siyasətdə olduqlarını millətə bəyan ediblər. Bu, Ziyalılar Forumu ilə üst-üstə düşmür. Milli Şuranın məqsədi hakimiyyəti dəyişməkdir, Ziyalılar Forumunun məqsədi başqadır. Mənim əqidəmə görə siyasətlə məşğul olanların özləri gəlib yenidən Ziyalılar Forumunda siyasətlə məşğul olmadıqlarını desələr, buna heç kəs inanmayacaq. Hər işdə səmimi olmaq lazımdır. Mən bilirəm ki, Rüstəm İbrahimbəyov özü Milli Şuradadır, amma ürəyi Ziyalılar Forumundadır. O özü siyasətə getdi, ürəyi Forumda qaldı".

Ziyalılar Forumunun yeni tərkibdə yenidən yaranmasna gəlincə, Ə.Əylisli bunun hələlik müzakirə edilmədiyini bildirib: "Hələ nə toplaşmışıq, nə söhbət etmişik. Mətbuat bu məsələdə hələ praktiki fəaliyyəti olmayanlarla danışır, onlar da nə istəyir deyirlər. Əsas yenidən qurmaq deyil, formal cəhətdən bunu etmək çətin deyil. Çətin məsələ foruma rəğbət bəsləyən insanları yenidən forumun ətrafına yığmaqdır. Əvvəl 6 nəfərin cazibəsinə insanlar yığışdı. İndi hansı tərkib olacaq, əvvəlki inam olacaqmı - söhbət bundan gedir. Bu forumu təsis edən Rüstəm İbrahimbəyovdur. O da Azərbaycanda yoxdur. Forumu Moskvada, Tiflisdə keçirməyəcəklər ki?"

Bahar Rüstəmli
AzNews.az