- Tribuna
- 14:22
- 2 361
21-ci əsr məsuliyyət əsri olmalıdır
21-ci əsr insanlıq tarixində texnoloji sıçrayışların ən sürətli, təsir dairəsi baxımından isə ən geniş olduğu mərhələ kimi səciyyələnir. Süni intellekt, biotexnologiya, rəqəmsal kommunikasiya və qlobal informasiya şəbəkələri insanın təbiətə, cəmiyyətə və öz gələcəyinə müdaxilə imkanlarını misilsiz səviyyəyə çatdırmışdır. Lakin bu inkişaf texniki imkanların artması ilə yanaşı insanın özünə, məsuliyyət anlayışına və mənəvi mövqeyinə yenidən baxmasını zəruri edir. Bu baxımdan dövrümüzün əsas çağırışı texnoloji yeniliklərlə yanaşı, yeni bir məsuliyyət anlayışı formalaşdırmaqdır.
Bildiyimiz kimi elm tarixən insanın bilmədiyi şeyləri anlamağa və izah etməyə çalışması ilə yaranıb. Müasir dövrdə isə elm dünyanı formalaşdıran gücə çevrilmişdir desək yanılmarıq. Belə ki, genetik müdaxilələr həyatın başlanğıc nöqtəsinə toxunur, süni intellekt qərarvermə proseslərinə daxil olur, məlumat texnologiyaları insan davranışını proqnozlaşdırmaq imkanına malikdir. Belə bir şəraitdə elmin yalnız gücünün tanıması, qəbul edilməsi bəs etmir. Bununla yanaşı onun sərhədlərinin də dərk edilməsi zəruri şərtə çevrilməlidi. Praktika göstərir ki, sərhədsiz güc məsuliyyətsizliyə, məsuliyyətsizlik isə sosial və mənəvi fəlakətlərə aparan ən qısa yoldur. Bu məqamda ümummilli lider Heydər Əliyevin “Bilik məsuliyyətlə müşayiət olunmadıqda, o, tərəqqiyə yox, təhlükəyə xidmət edir” fikrini xatırlatmaq istərdim. Bu fikir elmin etik çərçivədə dərk olunmasının zəruriliyini konseptual şəkildə ifadə edir və böyük fransız filosofu, ədəbiyyat üzrə Nobel mükafatçısı Anri Berqsonun aşağıdakı fikri ilə üst-üstə düşür.
“XIX əsr texniki kəşflər sahəsində misli görünməmiş tərəqqi ilə xarakterizə olunduğuna görə bir qayda olaraq belə hesab olunurdu ki, bu kəşflər maddi nemətlərin sadə artımı ilə yanaşı həmçinin bəşəriyyətin mənəvi səviyyəsinin də yüksəlməsi ilə nəticələnməlidir. Əldə olunmuş təcrübə isə əksinə, sübuta yetirirdi ki, texnologiyanın inkişafı cəmiyyətdə yaşayan insanların mənəviyyatının avtomatik yüksəlişi demək deyildir və əgər mənəvi sahədə uyğun nailiyyətlər əldə olunmursa, bəşəriyyətin malik olduğu maddi nemətlər hətta təhlükə təşkil edə bilər”.
Danılmaz faktdı ki, müasir siyasətlər getdikcə daha çox texniki idarəetmə mexanizmləri üzərində qurulur. İnsani düşüncə və ölçülər arxa plana keçirir, əvəzində effektivlik, sürət və güclü nəzarət əsas meyar kimi ön plana təqdim olunur. Halbuki siyasət güc balansı olmaqla, uzunmüddətli sabitliyin və legitim idarəetmənin əsas şərti olan empatiya bacarığı üzərində qurulmalıdır. Çünki, insan talelərini nəzərə almayan siyasət nə qədər səmərəli görünməsindən asılı olmayaraq mənəvi dayaqsızdır və cəmiyyətin etimadını zəiflədir.
Bu mənzərədə təhsilində rolu xüsusi əhəmiyyət kəsb edir. Müasir təhsil sistemi bilik ötürülməsini əsas məqsəd kimi qəbul edir, eyni zamanda bilikdən necə istifadə olunacağı məsələsini ikinci plana keçirir. İnformasiya bolluğu içində yetişən nəsil nəyi bildiyini artırır, lakin niyə bilməli olduğunu hər zaman soruşmur. Əlbətdə ki, təhsil yalnız faktların və bacarıqların ötürülməsi ilə məhdudlaşmamalıdır. Eyni zamanda vicdan və əxlaqi dəyərlərin formalaşdırılmasını özünün fundamental vəzifəsi hesab etməlidir. Dəyərlərdən məhrum edilmiş bilik potensial təhlükə mənbəyinə çevrilə bilər.
Düşünürəm ki, gələcək nəsillərə yönələn əsas mesaj dünyanı dəyişmək istəyi ilə yanaşı, onu anlamaq cəsarətini qorumaqdan ibarət olmalıdı. Bu da bir həqiqətdir ki, müasir dövr dərin sualları çox zaman kənara itələyərək sürətli cavabları təşviq edir. Dəyişmək sürət tələb etsə də, anlamaq və qavramağın səbrə böyük ehtiyacı var. Unutmaq olmaz ki, hər yeni kəşfin və texnoloji irəliləyişin insan həyatına nə verdiyini soruşmaq inkişafın keyfiyyət göstəricisi olmalıdı. Bu mənada cənab Prezident İlham Əliyevin vurğuladığı “Bu gün verdiyimiz qərarlar sabahkı nəslin həyat şəraitini müəyyənləşdirir” fikir çox böyük aktuallıq kəsb edərək məsuliyyət anlayışını zamanlararası ölçüyə çıxarır.
Müasir dövrdə texnologiya və güc münasibətinin etik çərçivədə qurula biləcəyini göstərən real nümunələr də mövcuddur. Məsələn, Azərbaycanın 44 günlük müharibə zamanı müasir texnologiya və dəqiq silahlardan istifadəsi genişmiqyaslı dağıntı yaratmaq məqsədi daşımamış, əksinə gələcək təhlükələri aradan qaldırmaq və uzunmüddətli sabitliyi təmin etmək hədəfinə yönəlmişdir. Əməliyyatların məhdud zaman çərçivəsində aparılması və mülki əhalinin qorunmasına yönəlmiş yanaşma göstərdi ki, müasir müharibə şəraitində belə etik məsuliyyət mümkündür. Bu təcrübə texnologiyanın nəzarətsiz şəkildə dağıdıcı gücə çevrildiyi bir çox münaqişələrlə kəskin ziddiyyət təşkil edir.
Beləliklə belə nəticəyə gəlmək olar ki, insanı böyük edən təkcə onun gücü, biliyi və texnoloji imkanları deyil. Onu həqiqətən böyük edən bu güclə nə etdiyini dərk etməsi və verdiyi qərarların nəticələrini üzərinə götürə bilməsidir. XXI əsr texnologiya əsri olmaqla yanaşı, məsuliyyət əsri də olmalıdır. Əks halda tərəqqi zahiri sürət qazansa belə, mənəvi dayaqdan məhrum qalaraq öz-özünü inkar edən bir prosesə çevriləcək.
Sadiq Qurbanov,
Milli Məclisin üzvü