- Köhnə - Cəmiyyət
- 8 Noyabr 2013 16:43
- 2 860
Azərbaycan ATƏT DTİHB-lə ilə bağlı yeni təkliflə çıxış etdi
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları bürosu mandatına uyğun olaraq, seçkilərin müşahidəsinin azad, qərəzsiz və peşəkar qiymətləndirilməsini təmin etməli və ATƏT üzv dövlətlərinə qarşı təzyiq göstərilməsi vasitəsinə çevrilməkdən çəkinməlidir.
AzNews.az-ın Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov əsas məruzəçi qismində çıxış etdiyi noyabrın 7-8-də İndoneziyada keçirilən Demokratiya Forumu çərçivəsində "Azad və demokratik seçkilərin keçirilməsi" və "Demokratik təsisatların qurulması və möhkəmləndirilməsi" adlı müzakirələr zamanı bildirib.
Nazir Elmar Məmmədyarov təəssüfləndiyini bildirib ki, ATƏT-in Demokratik təsisatlar və İnsan hüquqları bürosunun seçkilərin müşahidəsinə dair son qiymətləndirmələri qərəzli tənqid kimi istifadə edilir.
Nazir Elmar Məmmədyarov Azərbaycanın ATƏT-in Demokratik təsisatlar və İnsan hüquqları bürosunun seçkilərin müşahidə prosesindəki rolunun və seçki prosesinin qiymətləndirilməsinə dair istifadə etdiyi metodologiyasının nəzərdən keçirilməsi təklifi ilə çıxış etdiyini diqqətə çatdırıb.
Nazir Elmar Məmmədyarov Azərbaycanın seçki təcrübəsi haqqında danışaraq, seçkilərin əsasən Azərbaycan Respublikasının Konstitusiyası və Seçki məcəlləsi ilə tənzimləndiyini qeyd etmişdir. O, seçkilər haqqında qanunvericiliyin təkmilləşdirilməsində Avropa Şurası və ATƏT ilə yaxından əməkdaşlıq edildiyini və bu təsisatların təklif etdiyi bir sıra qabaqcıl təcrübənin qanunvericiliyə daxil edildiyini bildirib.
Nazir Elmar Məmmədyarov 9 oktyabr tarixində keçirilmiş prezident seçkilərində 5492 seçki məntəqəsinin fəaliyyət göstərdiyi və bu məntəqələrin 37-nin Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində təşkil olunduğu, avtomatlaşdırılmış dövlət informasiya sistemi vasitəsilə məntəqələrlə Mərkəzi Seçki Komitəsi arasında bağlantının qurulduğu və məntəqələrin əksəriyyətində veb-kameraların quraşdırıldığı barəsində məlumat verib.
Seçkilərin 52.000 yerli və 100 ölkəni, eləcə də Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyi və bir sıra başqa beynəlxalq təşkilatları təmsil edən 1300 əcnəbi müşahidəçi tərəfindən izləndiyini deyən Nazir Elmar Məmmədyarov seçkilərin azad, ədalətli, şəffaf və demokratik şəraitdə keçməsinin beynəlxalq müşahidəçilər tərəfindən də təsdiq olunduğunu diqqətə çatdırıb.
Nazir Elmar Məmmədyarov Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamentinin müşahidə missiyasının birgə bəyanatında seçki prosesinin azad, ədalətli və şəffaf olduğunun və seçki prosedurlarının seçki ərəfəsində və seçki günündə peşəkar və dinc şəraitdə həyata keçirildiyinin qeyd edildiyini vurğulayıb.
Aparılan müzakirələr çərçivəsində Nazir Elmar Məmmədyarov Azərbaycanın seçki təcrübəsi haqqında forum iştirakçılarını maraqlandıran sualları cavablandırıb.
Bu müzakirələrdə nazir E.Məmmədyarov ilə yanaşı əsas məruzəçilər qismində Avstraliyanın Xarici işlər naziri Juli Bişop, Liberiyanın Xarici işlər naziri Auqustin Kepehe Nqafuan və Filippin Prezidentinin sözçüsü və hökumət ofisinin üzvü Edvin Lasierda çıxış ediblər.
AzNews.az