- Köhnə - Cəmiyyət
- 13 Noyabr 2013 12:01
- 2 765
Avropa Parlamentində Azərbaycanla bağlı müzakirələr

Avropa Parlamentinin Brüsseldəki mənzil-qərargahında "Sərhədsiz İnsan Hüquqları" beynəlxalq təşkilatı tərəfindən hazırlanmış "Azərbaycanda dini azlıqlar: tarixdən müstəqilliyə doğru" adlı hesabatın təqdimatı keçirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Avropa Parlamentinin vitse-prezidenti Surjan Lazslonun tədbir iştirakçılarına müraciətində hesabatın Azərbaycandakı dini tolerantlıq mühiti barədə dərin təəssürat yaratdığı qeyd edilib.
Müraciətdə Azərbaycanda dini azlıqlarla müsəlman çoxluğun əməkdaşlıq və dinc yanaşı mövcudluğu istiqamətində fundamental nəticələrə nail olunduğu qeyd olunub.
Təqdimatı giriş sözü ilə açan Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin üzvü Corc Şöpflin sənədə əsasən Azərbaycanda dini azlıqların qarşılıqlı hörmət əsasında dinc yanaşı yaşadığını və bunun yüksək dəyər olduğunu qeyd edib.
Sonra "Sərhədsiz İnsan Hüquqları" təşkilatının sədri Villi Futre rəhbərlik etdiyi təşkilatın hazırladığı hesabatı təqdim edib. O bildirib ki, hesabat son altı ay ərzində SİH üzvlərinin Azərbaycana bir neçə dəfə həyata keçirilmiş səfərləri zamanı sahə tədqiqatları əsasında hazırlanıb. Hesabatda qeyd edilib ki, Azərbaycanda dövlətin dini məsələlərə münasibətdə balanslaşdırılmış siyasəti sosial ədalətə və ayrı-seçkiliyin qarşısının alınmasına verilən mühüm töhfədir.
Hesabatın nəticələrinə əsasən, Avropa İttifaqına Azərbaycanla strateji əlaqələri möhkəmləndirmək, Azərbaycanın tolerantlıq modelini region ölkələri, dini konfliktlərdən əziyyət çəkən ölkələr, həmçinin digər müsəlman ölkələri ilə paylaşmasına yardım etmək tövsiyyə edilib.
Hesabatın təqdimat mərasiminə xüsusi qonaq qismində dəvət edilmiş Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov sənədin əhəmiyyətini kəsb etdiyini vurğulayıb:
"Bu hesabat ölkəmiz barədə Avropa Parlamentində səslənmiş obyektiv reallığa söykənməyən bəzi hesabatlardan fərqli olaraq Azərbaycanda dinlərarası tolerantlığın yüksək səviyyəsini obyektiv şəkildə əks etdirir. Azərbaycandakı unikal dini tolerantlıq modeli Avropada da İslamafobiya ilə mübarizə və multikulturalizmin inkışafı üçün nümunə ola bilər".
Azərbaycanda fəaliyyət göstərən pravoslav, yəhudi, protestant və Alban-Udi dini icmalarının nümayəndələri də Azərbaycanda dini tolerantlıq mühiti barədə tədbir iştirakçılaırna məlumat veriblər. Sonda məruzəçilər tədbir iştirakçıları və media nümayəndələrinin suallarını cavablandırbılar.
AzNews.az