Musa Yaqub partiya sədrinə məsləhət verdi


ADP sədri Sərdar Cəlaloğlunun mərhum şair Səməd Vurğun və xalq qəhrəmanı "Koroğlu" haqqında səsləndirdiyi fikirlər ziyalıları da bir-birinə vurub. Bu dəfə şair Vahid Əziz özündən çıxaraq, bütün ziyalıları ağır ittiham edib.

O, bildirib ki, bu günün Azərbaycan ziyalısının gözü kölgəlidir və hər birinin arxasında bir vaqon "zibili" var. Xalq şairi Musa Yaqub isə AzNews.az-a açıqlamasında deyib ki, nə kimsənin yanında dili gödəkdir, nə də arxasında bir zibili var:

"Bu Vahid Əzizin fikridir. Mən bilmirəm o, bu ittihamı səsləndirəndə kimləri nəzərdə tutub. Amma onu deyə bilərəm ki, Musa Yaqubun dili bir kimsənin yanında gödək deyil. Lazım olan yerdə sözümü demişəm və yazmışam".

Şair ümumiyyətlə, nəinki dünyadan köçənlərin, hətta sağ olan insanların bir-birini təhqir etməsini normal saymır:

"Mən şairlərin, yazıçıların bir-birini ittiham etməsinin tərəfdarı deyiləm. Hər birimizin oxucularımız və hörmət bəslədiyimiz adamlar var. Onları düşünmək lazımdır. Bu cür açıqlamalar onların özlərini də çaş-baş salır. Yazdıqlarımız qalıb bir yanda özümüzü ittiham edirlər. Belə şeylər ziyalıya baş ucalığı gətirməz. Mən Sərdar bəyə deyə bilərəm ki, Səməd Vurğun böyük bir məktəbdir. Onu tənqid deyil, təbliğ etmək lazımdır".

Bahar Rüstəmli
AzNews.az