Aşura Günü kiminçün və nəyə ağladım...

Aşura Günü...

...biri qan verdi, biri can verdi, o biri canına azzzar verdi...

Aşura Günü...

...bir deputat dedi ki, bölgələrdə, hər kənddə ofisimiz olsun; başqa bir deputat dedi ki, köməkçilərimizə dövlət qulluqçusu statusu verilsin; o biri də sürücülərinin halına ağladı ki, onlara niyə pensiya verilməsin...

Aşura Günü...

... bir ruhani dedi ki, mən ömrümdə zəncir vurmamışam, sonra dedi ki, nə şiə, nə də sünniyəm; Dini Komitə də dedi ki, "hər şey əla keçdi"...

Aşura Günü...

...bir jurnalist yazdı ki, Aşura mərasimində iki azyaşlı uşağı maşın qəsdən vurub; o biri "sevişmək"dən yazdı; bir başqası da facebook profilinə növhə "həkk etdi"... mırt üçün...

Mən bircə cümlə yazdım: "Aşura Günü haqda çox adam çox şey yazdı. Onların öz əzizlərinin ölümünə necə yas tutmalarını, necə ağlamasını görmək istərdim". Bu, qarğış deyildi, amma qarğış kimi anlaşıldı.

Məncə, düz elədim.

Aşura Günü facebook səhifəmə də bir deputatdan acıq dolu məktub gəlmişdi. Bir şərhimə hiddətlənmişdi. Başa salmağa çalışdım, gördüm alınmır, odur ki, daha bəhsə girmədim. Beləcə, hər kəs rəyində qaldı, fikrimcə.

Düzü, adamları başa salmaq zəmanəmizdə çox çətin olub. Necə anladasan ki, ay qardaş, ay bajı, Azərbaycanda "millət vəkili" anlayışı yoxdur. Çünki "millət vəkili" proporsional seçki sisteminə aiddir.

Partiya siyahısı ilə parlamentə seçilməlisən ki, "millət vəkili" adlana biləsən. Özlüyündə bu da Milli Məclisin tarixində bircə kərə olub. Amma indilərdə nə baş verir? Redaksiyaya zəng edib deyirlər:

"Sizin saytdakı məlumatda adımın qarşısında "deputat" sözü gedib. Onu "millət vəkili" sözüylə əvəz edin..." Bunun ardınca da "O fotomu da dəyişin. Axı başıma tük əkdirmişəm, daha daz deyiləm..."

Hələ bundan da betəri var: "O adını çəkmək istəmədiyim adamın xəbəri mənim xəbərimdən niyə yuxarıda gedib? Onun yerini dəyişin!"

Bütün bu hallarla hər gün üzləşən bir adam kimi insanın özünü zəncirləməməsi, başına qapaz vurmaması, ağlamaması niyə mümkün deyil???

Bu ölkəyə geniş açılmış gözlə baxın, zəhmət olmasa. Görün kim nə işlə məşğuldur, kim nə danışır.

... "Yol qəzaları insanların həyatı üçün böyük təhlükədir" – bunu bir nazir deyir.

..."Ölüyə "Yasin" oxumaq, dua etmək onun üçün heç nəyi dəyişdirmir" – bunu bir psixoloq deyir.

..."Koroğlu oğlanbaz, homoseksualist olub" – bunu bir siyasətçi deyir...

Davam etməyə dəyərmi???

Facebook səhifəmə məktub yazmış deputat da elə bu sicilləmələrə bənzər sözləri ilə məşhuri-cahandır. Bir dəfə müsahibəsini redaktə eləmək "xoşbəxtliyi qazandım". Hər ikinci abzas birincinin təkrarıydı. Yəni fikir eyni, cümlə quruluşu fərqli. "Qayçı"mın canı sağ olsun, müsahibəsini kəsib doğradım...

Bu ölkənin bəlası bilirsinizmi nədir? Heç kim öz yerində deyil, heç kim öz işiylə məşğul olmur, heç kimə həddi göstərilmir. Lap xəyali şahmat taxtasındakı kimi: "piyada" "fil"i tapdayıb keçir, "at" "top"a üstün gəlir, "şah"ın yerində "vəzir" oturub...

AzNews.az