Prezident baş nazir və Ali Radanın sədri ilə görüşüb- Fotolar

Ukraynada rəsmi səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev noyabrın 18-də Kiyevdə, onun üçün ayrılmış dövlət iqamətgahında bu ölkənin baş naziri Nikolay Azarov ilə görüşüb.


AzNews.az xəbər verir ki, görüşdə Azərbaycanla Ukrayna arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əməkdaşlığın dinamik inkişaf etdiyi qeyd olunub, bütün istiqamətlərdə səmərəli qarşılıqlı fəaliyyətin mövcudluğu vurğulanıb. Birgə layihələrin müzakirəsinin ticarət dövriyyəsinin genişlənməsi baxımından əhəmiyyətinin qeyd edildiyi görüşdə bu sahədə yaxşı perspektivlərin olduğu bildirilib. Azərbaycan məhsullarının, o cümlədən kənd təsərrüfatı məhsullarının Ukrayna bazarına çıxarılması, taxılçılıq, heyvandarlıq və digər sahələrdə əməkdaşlıq üçün yaxşı imkanların olduğu diqqətə çatdırılıb.

Ölkələrin tikinti sektorunda yaxşı perspektivlərin olduğu bildirilən görüşdə sənaye, infrastruktur sahələrində də əməkdaşlığın inkişafından məmnunluq ifadə edilib.

Energetika sahəsində əməkdaşlıq üçün yaxşı imkanların mövcudluğundan, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ukraynada uğurlu fəaliyyətindən məmnunluq bildirilib.

Ukraynaya Azərbaycan investisiyalarının qoyulması sahəsində imkanların araşdırılmasının mümkünlüyü qeyd edilib.

Görüşdə Azərbaycanla Ukrayna arasında humanitar əməkdaşlığın uğurla inkişaf etdiyi diqqətə çatdırılıb.

***

İlham Əliyev noyabrın 18-də Ukrayna parlamentinin binasında Ali Radanın sədri Vladimir Rıbak ilə də görüşüb.

Görüşdə ölkələr arasında siyasi, iqtisadi və digər sahələrdə uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib.

Söhbət zamanı parlamentlərarası əməkdaşlığın, dostluq qruplarının əlaqələrin inkişafındakı rolu vurğulanıb.

Azərbaycanla Ukraynanın beynəlxalq təşkilatlarda, o cümlədən beynəlxalq parlament qurumlarında birgə uğurlu əməkdaşlığının həyata keçirilməsindən məmnunluğun ifadə edildiyi görüşdə əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik bildirilib.

AzNews.az
image description image description image description