Xankəndinin icra strukturu yaradılmalıdır – Təklif

"Xankəndi şəhəri ilə Ağdərə rayonunun icra strukturlarının yaradılması çox vacib məsələlərdəndir".


Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin üzvü, deputat Aqil Abbas deyib.

Əvvəlcə Ağdərə rayonun icra strukturlarının yaradılması məsələsi haqda danışan A. Abbas bildirib ki, bununla bağlı parlamentdə təkliflə çıxış edib: "Ağdərənin 5 kəndi erməni işğaldan azad olunub. Yəni həmin ərazidə bu rayonun icra strukturunun müvafiq bölmələrini bərpa etmək və ağdərəliləri də orada yerləşdirmək mümkündür.

Həmin məsələ bu gün həll olunmazsa, gələcəkdə münaqişənin həlli ilə bağlı keçirilə bilən hər hansı seçkidə - referendumda ağdərəli azərbaycanlıların iştirakının reallaşdırılması çətinlik yaradacaq. Ağdərəlilər artıq 20 ildən çoxdur ağdamlı, tərtərli, yaxud da, kəlbəcərlidirlər. Çünki rayon 1992-ci ildə ləğv edilərək, oranın inzibati ərazisi Tərtər, Ağdam və Kəlbəcər rayonları arasında bölünüb. Məsələn, bu gün 5 mindən artıq ağdərəli artıq ağdamlı sayılır".

A.Abbas Xankəndi şəhərinin icra strukturlarının yaradılması məsələsinə də toxunub:

"Xankəndi şəhərində 15 min azərbaycanlı yaşayıb. Bu gün həmin şəhər üzrə Milli Məclisin deputatı da seçilib. İstərdim ki, həmin şəhərin də icra strukturları bərpa olunsun. Ümumiyyətlə təşəbbüs parlamentdə qaldırılıb və gözləyirik. Yəqin ki, bu məsələ ilə bağlı müraciətimizi bir daha təkrarlayacağıq. Əlbəttə bizim bimədiyimiz məsələlər də ola bilər. Bunu dövlət daha yaxşı bilir".

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Çingiz Qənizadə də bildirib ki, Azərbaycanın tərkib hissəsi olan bir ərazidə icra strukturunun yaradılması zəruri məsələdir. Bu məsələ dövlət orqanlarını düşündürməlidir.

Ç. Qənizadə bunun siyasi məsələ olduğunu da qeyd edib:

"Xankəndinin icra strukturunun yaradılmasının danışıqlar prosesinə təsir edən məqamları da nəzərə alınmalıdır. Ola bilər ki, ATƏT-in Minsk qrupu bu strukturun yaradılmasının yubadılmasına dair təkliflə çıxış edib. Burada da məqsəd danışıqlar prosesinə xələl gətirilməməsidir. Bunu da anlamaq lazımdır".

Ç. Qənizadə bildirib ki, bütün bunlara baxmayaraq, ərazilərimizin işğaldan azad edilməsi və icra strukturların yaradılması hüququnu özümüzdə saxlayırıq.

Məhəmməd
AzNews.az