“Türkiyədə Azərbaycan həftəsi” keçirilir


Türkiyədə "Azərbaycan həftəsi" tədbirlərinə start verilib.

AzNews.az-ın məlumatına görə, noyabr 18-dən başlayan tədbirlər noyabrın 20-dək davam edəcək. Bununla bağlı Türkiyəyə səfər edən Azərbaycan nümayəndə heyəti tədbir çərçivəsində ölkənin Yalova, Edirne, Bursa, Bandırma şəhərlərində bir sıra görüşlər keçirib.

Nümayəndə heyəti Yalova şəhərində Vali Esengul Civelek, millət vəkili Temel Coşkun, Yalova Universitetinin rektoru Niyazi Ereslu, prorektor Ali Rza Abay, həmin universitetin Beynəlxalq Əlaqələr Departamentinin direktoru Kenan Dağçı ilə bir sıra görüşlər keçirib.

Daha sonra Bursa valisi Munir Karaloglu, Büyükşehir Belediye başqanı Recep Altepe və Uludağ Universitetinin rektoru Kamil Dilek ilə görüşüb, Uludağ Universitetində tələbə və müəllim kollektivini maraqlandıran suallara cavab veriblər.

Görüşlərdə Azərbaycan Prezidenti yanında Srateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov "Azərbaycan Xarici Siyasəti Hara Gedir?", deputat Musa Qasımlı "Azərbaycan-Türkiyə Münasibətləri", ekspert Cavid Vəliyev "Regional Layihələrə Azərbaycanın Baxışı", "Qafqaz" Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı "Dağlıq Qarabağ Müzakirələrində Azərbaycanın Mövqeyi", SAM-ın əməkdaşı Zaur Vəliyev "Azərbaycanın İqtisadi Siyasəti Regional Çərçivədə", Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri Hatəm Cabbarlı "2015-ci ilə Doğru Azərbaycanın Mövqeyi" və APA TV-nin direktoru Vüqar Məsimoğlu "Türkiyə-Azərbaycan Əlaqələrinə Medianın Təsiri" mövzularında çıxış ediblər.

Noyabr 20-də Ankarada baş nazirin xarici siyasət məsələləri üzrə müşaviri İbrahim Kalin ilə görüş və Türkiyə Xarici İşlər Nazirliyində diplomatlar və Türk XİN SAM ilə dəyirmi masa planlaşdırılır.

Təbdir çərçivəsində "Dəmirdən İpəkyolu: Bakı-Tiflis-Qars Dəmiryolu" mövzusunda konfrans da keçiriləcək.

Məhəmməd
AzNews.az