Prezident seçkilərinin nəticələri AŞPA-da- Sabah

Noyabrın 22-də Vyanada Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Büro və Daimi Komitəsinin iclasları keçiriləcək.

Azərbaycan Milli Məclisindən APA-ya verilən məlumata görə, iclaslarda parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, təşkilatdakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, nümayəndə heyətinin üzvü Rafael Hüseynov iştirak edəcəklər.

İclaslarda Avropada miqrasiya, qaçqınlar və məcburi köçkünlərlə bağlı problemlər, Azərbaycanda və Gürcüstanda son prezident seçkilərinin nəticələri, gender bərabərliyi, diskriminasiya və qadınlara qarşı zorakılığın digər növləri ilə mübarizə, Əfqanıstandan uyuşdurucu maddələrin nəqlinin Avropadakı təhlükəsizliyə təsiri, insan orqanları ilə alverə qarşı mübarizə, nəhəng meqapolislərdə idarəçiliyin təşkili, AŞPA üzvlərinin davranışına nəzarət və digər mövzularda fikir mübadiləsi aparılacaq.

AzNews.az