Yazıçı, yoxsa aktyor...


Rusiyada yaşayan azərbaycanlı yazıçı Eduard Bağırovun bu ölkədə milli-irqi ayrıseçkiliklə bağlı baş verənlərə etiraz etməsindən sonra təzyiqlərə məruz qalmasına dair iddialar mediada yer alıb. Hətta sosial şəbəkələrdə "tok-şou"ların birində E. Bağırov fiziki təzyiqlə üzləşdiyi kadrlar da yayılıb. Bu günlərdə isə yazıçının adından sosial şəbəkələrdə yayıldığı iddia edilən fikirləri özündə əks etdirən video-çarx da internet resurslarda yer alıb.
"Wikipedia"nın məlumatlarına inansaq, Eduard Bağırov 1975-ci ildə Türkmənistanda anadan olub. Onun atası azərbaycanlı, anası isə rusdur. Milli mənşəyinə görə Türkmənistandan bir çox problemlərlə üzləşən E.Bağırov ordu sıralarından qaçaraq Moskvaya yollanıb. Burada yükdaşıyan, kiçik ticarətçi, şəxsi tikinti idarəsinin rəhbəri kimi işlərdə çalışıb.
2001-ci ildə Moskva Dövlət Su Nəqliyyatı Akademiyasının hüquq fakultəsinə daxil olsa da, sonradan təhsilini yarımçıq qoyub.
2005-2007-ci illərdə alternativ ədəbiyyat saytı "Litprom.ru" nun yaradıcısı və baş redaktoru olub.

2007-ci ildə yüz min tirajla çapdan çıxmış "Qastarbayter" ("Гастарбайтер") kitabı ilə məşhurlaşıb.

E.Bağırov "Qastarbayter" romanını həm özünün, həm də başqalarının həyatından götürdüyü əhvalatlar əsasında yazıb, Rusiyaya "çörək dalınca" gedən şəxslərin talelərindən bəhs edib.
2007-ci ildə onun "Sevgililər" romanı çapdan çıxıb. "Sevgililər" romanı, bir növ, birinci romanın davamıdır. Ancaq özlüyündə müstəqil sujetə malikdir.
2010-cu ildə isə "İdealist" romanının tirajı birincidən çox az, cəmi 15 min olub.
Eduard Bağırov iyunun 16-da Moldova polisi tərəfindən saxlanılıb.
Bağırov 2009-cu ildə kütləvi iğtişaşlarda iştirakçı olmaqda da ittiham edilib.

O zaman kommunistlərin seçkidə qələbəsinə etiraz olaraq liberal müxalifət küçələrə axışmış, bundan sonra baş vermiş iğtişaşlar parlament binası və prezident iqamətgahına hücumla nəticələnmişdi. Özünün dediyi kimi , Moldovadan avtomobilin yük hissəsində qaçıb.
Qayıdaq, bu mübahisəli bioqrafiyası olan yazıçının son günlər sosial şəbəkələrdə, sonradan isə media səhifələrinə yol tapan video görüntülərinə...
Bu görüntülərə baxdıqda əvvəlcə elə fikir yaranır ki, Eduard Bağırov həqiqətən də Azərbaycan millətçisidir və məqsədi rus şovnizmindən əziyyət çəkənləri müdafiə etməkdir. Məsələnin digər tərəfinə baxdıqda, video görüntülərin çəkildiyi tarixlərlə baş verən hadisələri uzlaşdırdıqda, fərqi görməmək mümkün deyil. Bu gün "yotube"də yayılan görüntülər isə şübhələrimdə yanılmadığına tam əsas verdi. Bu qənaətə gəldim ki, Eduard Bağırov bir yazıçı kimi deyil, siyasət meydanında konfliktlər yaratmaqla özünü məşhurlaşdırmaq yolu tutmuş sıradan bir qələm əhlidir. Belə olmasaydı, əvvəlcədən hazırlanmış – tamaşanı xatırladan görüntüləri yaymaqla özünə diqqəti cəlb etməzdi. Üstəlik, bu yazıçının işlətdiyi ifadələr nədənsə, erməni "cocuqlarının" azərbaycanlıların "şovnistliyi" ilə bağlı səsləndirdiyi sərsəmləmləmələrini az qala sübut etmək üçün çaba kimi gəldi mənə! Bu qorxulu şübhələrimi dağıtmaq üçün bu gün onunla danışmaq, baş verənləri öz dilindən eşitmək istədim. Doğrusu, elə düşündüm ki, özümü təqdim etdikdən sonra onun isti münasibəti ilə qarşılaşacağam. Cavab isə mülahizəmi alt-üst elədi. Özünü bütün Rusiyaya azərbaycanlı yazıçı, soydaşlarımızın müdafiəçisi kimi təqdim edən bir qələm əhlinin mənə cavabı belə oldu: "Artıq bir müddətdir Azərbaycan mediası ilə əlaqə saxlamıram. Nə istəyirsiniz yazın". Bu da belə...
Sonda bir cümlə ilə fikrimi tamamlamaq istərdim. Təbliğat, tanınmaq, məşhurlaşmaq pis istək deyil, amma gərək, sən də buna layiq olasan. Bütün meyyarlar ilə...

Ramil Məmmədli
AzNews.az