- Köhnə - Cəmiyyət
- 26 Noyabr 2013 20:07
- 10 707
Sevgi etirafları ilə dolu tələbə ayaqyolularından FOTOREPORTAJ
Məhz, bu gündə BMT- yə üzv olan bütün ölkələrdə yeni-yeni tualetlər açılmalı, köhnələr dünya standartlarına uyğunlaşdırılmalıdır.
AzNews.az saytı bununla bağlı Bakıda fəaliyyət göstərən bir neçə ali təhsil müəssisəsində qısa müşahidələr aparıb. Doğrudur, biz bu müşahidəmizdə BMT-nin qətnaməsindən bir az kənara çıxdıq.
Bu yazıda nə paytaxtda yeni açılan tualetlərin sayını, nə də onların hansı standartlara uyğunlaşdırılmasını araşdırdıq.
Biz müşahidələrimizi tualetlərdə sanitariya qaydalarına neçə riayət olunub-olunmamasına yönəltdik.
"...natəmizlik hökm sürür"
Beynəlxalq tualetlər günü ilə bağlı ali təhsil müəssisələrində təhlillər aparmaq üçün Bakı Dövlət Universiteti (BDU), Bakı Slavyan Universiteti (BSU), Azərbaycan Kooperasiya İnstitutu, Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) və Azərbaycan Dövlət Pedaqoji Universitetlərinə (ADPU) yollandıq.
Beş təhsil müəssisəsində aparılan müşahidələrə əsasən demək olar ki, orada fəaliyyət göstərən tualetlərdə sanitariya qaydalarına riayət olunmur, natəmizlik hökm sürür. Burada həm təmizlik işçilərinin, həm də tələbələrin özləri günahkardır.
Əslində bizim günahkar axtarmaq niyyətimiz də yoxdur. Sadəcə tələbələr də öz məsuliyyətlərini dərk etməlidir. Onlar üçün yaradılan şəraitdən lazımınca istifadə etməyi bacarmalıdırlar.
Müşahidələrimizə ilk olaraq, BDU-dan başladıq. Universitetin hər korpusunda, bütün fakültələrinin binasında demək olar ki, tualetlər mövcuddur. Düzdür, bəziləri lyuks şəraitə malik olmasa da, hər halda kənd tualetlərindən yaxşıdır. Bəzi korpuslarda istifadəyə verilən tualetlər yenicə təmirdən çıxıb. Amma tələbələrin sayəsində, tualetlərin yenicə təmirdən çıxmasına şübhə ilə yanaşmaq mümkündür.
Belə ki, tualet qapılarının üzərində rəsm qabiliyyətlərini nümayiş etdirənlər kim, telefon nömrəsi yazanlar kim...
BSU-da da şərait elə də pis deyildi. Burada sanitar qaydalara demək olar ki, riayət olunur. Təmizlik işçiləri də öz məsuliyyətlərini dərk edir və tələbələrin sağlamlığı üçün tualetlərdə təmizliyi nəzarətdə saxlayırlar.
Əslində yetkinlik yaşına çatan, ağlı başında olan tələbələrə təmizlik üçün nəzarət etmək lazım deyil. Onlar özləri özlərinin təmizliyini, sağlamlığını təmin etməlidir.
Tələbələrin "etiraf" məkanı
Ali təhsil müəssisələri arasında öz nüfuzuna görə seçilən universitetlərdən biri də ADİU-dur. Kənardan cəlbedici görsənsə də, bu universitetin tualetlərində də vəziyyət "uruscadır".
Buradakı tualetlər təmir baxımından digər universitetlərə nisbətən bir qədər yaxşıdır. Amma tələbələr onlar üçün yaradılan şəraitə laqeyd yanaşır, tualetdə sanitariya qaydalarına əməl etmirlər. Tualetdəki qapıların üzərinə müxtəlif məzmunlu ismarışlar yazıb, nömrələr qeyd ediblər. Hələ tualetdəki qapıların üzərinə yazılan etirafları demirik…
Siqaret otağı, yoxsa tualet?
Azərbaycan Kooperasiya Universitetinin tualeti isə daha çox siqaret çəkmək üçün istifadə edilir. Tələbələr siqareti təmiz havada çəkməkdənsə, ayaqyolundan çəkməyi üstün tuturlar.
Unitazların üzərinə stullar qoyulan ADPU tualetləri
Yuxarıda adlarını çəkdiyimiz təhsil müəssisələri üçün dediyimiz fikirləri ADPU üçün deyə bilməyəcəyik. Çox təəssüf ki, buradakı vəziyyət heç də ürək açan deyil. İlk öncə onu deyək ki, universitetin tualetinə daxil olmamış tualetin qapısı bizdə artıq müəyyən qədər təəssürat oyatmışdı. İçəriyə daxil olduqda isə gördüyümüz mənzərədən dəhşətə gəldik. Tualetdən gələn üfunət ətrafı bürüyüb. Divardakı kafellərin çoxu tökülüb. Su gəlmir, kanalizasiya sistemi işləmir. Hətta unitazların üzərinə oturacaq stulları qoyulub. Bundan başqa gözümüz divarlardakı müxtəlif sayt reklamlarına, etiraflara və mesajlara sataşdı.
Aparılan müşahidələrdən belə nəticəyə gəlmək olar ki, Azərbaycanın ali təhsil müəssisələri hələ də dünyada qeyd olunan beynəlxalq tualetlər gününə hazır deyil.
Tualetlərdə natəmizlik, antisanitariya və bu kimi xoşagəlməz hallar baş alıb gedir. Dünya üzrə aparılan ümumi hesablamalara görə isə hazırda 2,5 milyardadək insan sanitariya çatışmazlığı şəraitində yaşayır. Onlardan da 1,1 milyardı tualetsizlikdən əziyyət çəkir. Bunlar arasında qadınların sayca üstünlük təşkil edirlər. Üçüncü dərəcəli ölkələrdə məhz bu problem qızların məktəblərə və digər təhsil ocaqlarına getməmələrinə səbəb olur.
Elcan Məmmədov
AzNews.az