Ümid partiyasında görüş

Bu gün Ümid partiyasının qərargahında partiyanın sədri, millət vəkili İqbal Ağazadə "İstanbul Azərbaycan Kültür Dərnəyinin" sədri Hikmət Elplə görüşüb.

Görüşdə Türkiyə-Azərbaycan münasibətləri, regionda baş verən hadisələr, Güney Azərbaycan məsələsi ətrafında fikir mübadiləsi aparılıb. Ümid sədri partiyanın Türkiyə ilə münasibətlər, Cənubi Qafqaz və Güney Azərbaycanla bağlı siyasətini açıqlayaraq, bu yöndə görülən işlərlə əlaqədar qardaş ölkədən olan qonağı məlumatlandırıb.

"İstanbul Azərbaycan Kültür Dərnəyinin" sədri Hikmət Elp görüş üçün öz təşəkkürünü bildirərək, Ümid partiyasının müxalif partiya olmasına baxmayaraq apardığı barış siyasətini, habelə Güney Azərbaycanla bağlı apardığı ardıcıl fəaliyyətləri alqışladığını bildirib və Türkiyədə mühacir həyatı yaşayan Azərbaycan vətəndaşlarının vəziyyəti barədə partiya sədrini məlumatlandırıb.

Ümid Partiyası sədrinin Xaricdə yaşayan həmvətənlər və Diaspora ilə iş üzrə müavini Rüfət Muradlının da iştirak etdiyi bu görüşdə gələcək əməkdaşlıqlar barədə razılıq əldə olunub.

AzNews.az