Tağı Əhmədov Depodakı evləri sökür


Bakı Metropoliteninin Depo adlanan stansiyasının ətrafındakı tikililər sökülür. Bu barədə məlumatı AzNews.az-a həmin ərazidə yaşayan sakinlər verib. Sakinlərin sözlərinə görə, söküntü işləri Tağı Əhmədovun tapşırığı ilə aparılır. Bunu sakinlərlə söhbətində Bakı Metropoliteninin və ərazidə söküntü işləri aparan qurumun nümayəndələri verib.

Sakinlər söküntünün səbəbləri ilə maraqlandıqda onlara ərazidə yeni tikilinin inşa olunacağı bildirilib. İnşaat işlərinin Tağı Əhmədovun sərəncamı ilə aparılacağı bildirilsə də, hələlik onun metro stansiyası olub-olmayacağı barədə sakinlərə konkret informasiya verilməyib.

Sökülən evlərin məcburi köçkünlərə aid olduğu bildirilir. Sakinlər sökülən evlərin müqabilində kompensasiya tələb etsələr də onların bu tələbinə müsbət cavab verilməyib. Məcburi köçkünlərə sökülən evlər müqabilində torpaq sahəsi ayrılacağı bildirilsə də, sakinlər torpaq sahəsinin pulla əvəz edilməsini tələb edirlər.

AzNews.az əməkdaşı məsələ ilə bağlı Bakı Metropoliteni ilə əlaqə saxlayıb. Bakı Metropolitenindən iş gününün sonu olduğunu əsas gətirərək sualı cavablandırmaqdan imtina ediblər.

Azər
AzNews.az