+359 kodu ilə zəng gələrsə, geri yığmayın - Diqqət

Telefonunuza +359 kodu ilə zəng gələrsə, geri yığmayın!

Bolqarıstanda fəaliyyət göstərən cinayətkar şəbəkə öz istiqamətini Azərbaycana çevirib.

Lent.az-ın məlumatına görə, bir müddət öncə Türkiyədə minlərlə insanı aldadaraq, onların konturlarını istismar edən bolqarıstanlı şəbəkə üzvləri yeni hədəf kimi Azərbaycanı seçib.

Şəbəkənin Azərbaycandakı hədəflərindən biri də saytımızın baş redaktoru Qabil Abbasoğlu olub. Ancaq hədəf doğru seçilmədiyi üçün dələduzluğun da üstü dərhal açılıb. Belə ki, baş redaktor ona gələn qısa zəngin haradan edildiyini öyrənmək üçün internetdə kiçik bir axtarış edərkən, əslində necə böyük bir şəbəkənin qurbanı ola biləciyini anlayıb. Bundan başqa, bəlli olub ki, yaxın günlərdə Azərbaycanda bəzi şəxslərin də telefonlarına bu cür nömrələrdən zənglər gəlib.

Belə ki, şəbəkənin dələduzluq istiqaməti çox sadədir. Telefonunuza +359 kodu ilə qısa zəng gəlir. Siz isə sizə zəng edən bu xarici ölkə vətəndaşının kim olduğunu bilmək üçün zəng gələn nömrəni yığırsınız. Vəssalam, siz artıq tələyə düşdünüz.

Şəbəkənin məqsədi onlara zəng vuran insanların konturlarını korlamaqdır. Bolqarıstan kodlu nömrəyə geri yığan şəxslər avtomatik dələduzların qurbanı olur.

Türkiyə mətbuatının yazdığına görə, bolqar dələduzları qardaş ölkədə daha mütəşəkkil şəbəkə qurublar. Belə ki, məlumatlarda bildirilir ki, +359 kodlu nömrələrə zəng edən Türkiyə vətəndaşları səlis türkcə danışan bolqarların tələsinə düşərək, onların şirin dilinə aldanıb, onların bir sıra istəklərini yerinə yetirir.

Türkiyə mətbuatı yazır ki, şəbəkə üzvləri aldatdıqları şəxslərdən onların sənədlərinin düzəldilməsinə, bilet alınmasına və s. üçün pul alırlar və Türkiyəyə gələcəklərini vəd edirlər.

Məsələ ilə bağlı Rabitə və İnformasiya Nazirliyindən Lent.az-a bildiriblər ki, qanunla bu hala qarşı hər hansı addım atmaq mümkün deyil. Bununla belə, bildirilib ki, bu zəng dələduzluğu xüsusilə təhlükəli hal alarsa, bu məsələ ilə bağlı əhalini xəbərdar etmək mümkündür. Nazirlikdən o da bildirilib ki, əhali özü də bu cür dələduzluq tələlərinə düşməməli və bu kimi hallarda diqqətli olmalıdır.


AzNewz.az