Prezident Nelson Mandelanın ölümü ilə bağlı başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Cənubi Afrika Respublikasının Prezidenti Ceykob Gedleyihlekisa Zumaya Nelson Mandelanın vəfatı ilə bağlı başsağlığı verib.

Başsağlığında qeyd edilib:


"Cənubi Afrika Respublikasının keçmiş Prezidenti, xalqınızın böyük oğlu, görkəmli dövlət xadimi, lider, aparteidə və rasizmə qarşı mübarizənin qəhrəmanı, Nobel mükafatı laureatı Nelson Mandelanın vəfatı xəbərindən son dərəcə kədərləndim.

Nelson Mandela Cənubi Afrika Respublikasının inkişafı, xalqının rifahının yüksəlməsi və ölkədə ədalətli cəmiyyətin qurulması istiqamətində böyük işlər görmüşdür. Nelson Mandelanın əziz xatirəsi doğma vətənində və onun hüdudlarından kənarda milyonların yaddaşında əbədi yaşayacaqdır. Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə, Cənubi Afrika Respublikasının xalqına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm".

AzNews.az