Səfər Əbiyevin yeni vəzifəyə təyinatı gözlənilir

Üzeyir Cəfərov: "Məzuniyyətdən qayıtdıqdan sonra Səfər Əbiyevin yeni vəzifəyə təyinatı reallaşa bilər"


"Yeni müdafiə naziri Zakir Həsənovun təqdimatı zamanı Səfər Əbiyevə Ilham Əliyevin adından təşəkkür edilib. Və bildirilib ki, məzuniyyətdən qayıtdıqdan sonra onun yeni vəzifəyə təyinatı barədə qərar ola bilər".

Bu sözləri hərbi ekspert Üzeyir Cəfərov bildirib. Hərbi ekspertin sözlərinə görə, Səfər Əbiyev faktiki olaraq ordu sıralarından uzaqlaşdırılmayıb:

"O məzuniyyətə çıxıb. Adətən generalların məzuniyyəti 45 gün çəkir. Artıq onun məzuniyyətinin bitməsinə bir həftədən az vaxt qalıb. Hesab edirəm ki, məzuniyyətdən qayıtdıqdan sonra Səfər Əbiyevin yeni vəzifəyə təyinatı reallaşa bilər".

Üzeyir Cəfərov həmçinin bildirib ki, hökumət nümayəndələri Səfər Əbiyevin oğlunun toyunda da yüksək səviyyədə təmsil olunub "Bütün bunlar göstərir ki, Səfər Əbiyev "vurulmayıb", - deyə hərbi ekspert əlavə edib. Səfər Əbiyevin hansı vəzifəyə təyin olunacağına gəlincə, Üzeyir Cəfərov bu barədə məlumatlı olmadığını deyib: "Açığı bu barədə heç nə deyə bilmərəm. Çünki hər hansı məlumatım yoxdur" (Azadliq.info).