Azərbaycan 127–ci yerdədir

Ümumdünya Diabet Federasiyasının məlumatına əsasən, dünya üzrə 221 ölkə arasında Azərbaycan şəkərli diabet xəstəliyinin yayılmasına görə 127-ci yerdədir. Bunu Respublika Endokrinoloji Mərkəzin direktoru Rauf Cabbarov Səhiyyə Nazirliyi tərəfindən təşkil olunan onlayn konfrans zamanı deyib.

Onun sözlərinə görə, 2013-cü il 1 yanvar tarixinə olan məlumata əsasən, Azərbaycanda 183 196 nəfər şəkərli diabet xəstəsi qeydiyyatdadır: "Bu xəstəliyin ölkənin hansı bölgəsində daha çox yayılması haqqında fikir söylənilə bilməz. Çünki əhalisi çox olan bölgələrdə şəkərli diabet xəstəsi çox, az olan ərazidə isə az qeydiyyatdadır. Ən əsası odur ki, bu xəstəlik bütün bölgələrdə yayılmışdır".

R.Cabbarov deyib ki, ölüm halları bilavasitə şəkərli diabet xəstəliyindən deyil, şəkərli diabetin fəsadları nəticəsində olur. 2013-cü il 1 yanvar tarixinə olan məlumatlara əsasən, şəkərli diabet xəstələri arasında ölüm halları 2158 nəfər olub ki, bunlarında 1148 nəfəri qadındır.

Mərkəz direktoru qeyd edib ki, ölkəmizdə ən çox yayılan endokrinoloji xəstəliklər şəkərli diabet və qalxanvari vəzin xəstəlikləridir. Şəkərli diabetli xəstələlərin artım səbəbi düzgün qidalanmama, artıq çəkili insanların çoxluğu, stress faktorunun olması ilə əsaslandırmaq olar. Onun fikrincə, xəstəliyin gəncləşməsini də bununla əlaqələndirmək olar:

"Azərbaycanda da düzgün qidalanmama, qeyri-sağlam həyat tərzi artıq çəkinin artmasına gətirib çıxarır. Bu da bilavasitə şəkərli diabetin yaranmasına təkan verir. Buna görədir ki, ölkədə şəkərli diabet xəstəliyində artım müşahidə olunur. Bundan əlavə illərlə qeydiyyata düşməyən diabet xəstəsi də maariflənərək qeydiyyata düşür".

R.Cabbarov deyib ki, şəkərli diabet tip 2 xəstəliyini autoimmun xəstəliklərə aid edilir və onun yaranma səbəbində əsasən irsi faktor dayanır. Lakin bir sıra digər səbəblər də var ki, xəstəliyin yaranmasına bilavasitə təkan verir. Həmin səbəblərdən artıq çəki, stress, qorxu , həyəcan, qeyri-sağlam həyat tərzi, siqaret və alkoqollu içkilərdən istifadədir:

"Şəkərli diabet tip 1 xəstəliyi isə əsasən uşaqlarda və gənclərdə yaranır. Bunun səbəbləri hələ ki, elmə məlum deyil, lakin soyuqdəymə, virus xəstəliyi onun yaranmasına təkan verir. Xəstəlikdən qorunmaq üçün yuxarıda sadalanan səbəblərdən qorunmaq lazımdır, əgər irsiyyətdə şəkərli diabet xəstəliyi varsa mütəmadi olaraq qanda şəkərin səviyyəsi yoxlanılmalıdır".

AzNews.az